PRAKKOM layihəsi KOBİA-nın VII qrant müsabiqəsinin qalibləri sırasında yer alıb

64
03.03.2026
PRAKKOM layihəsi KOBİA-nın VII qrant müsabiqəsinin qalibləri sırasında yer alıb PRAKKOM layihəsi KOBİA-nın VII qrant müsabiqəsinin qalibləri sırasında yer alıb

PRAKKOM (Praktik Kommentariya) hüquqi platforması Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilən KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə 7-ci qrant müsabiqəsinin qaliblərindən biri seçilmişdir.

Qeyd edək ki, sözügedən qrant müsabiqəsi KOB subyektlərinin bilik və bacarıqlarının artırılması, elmi-tədqiqat fəaliyyətinin təşviqi, innovativ və praktik yönümlü layihələrin dəstəklənməsi məqsədi ilə həyata keçirilmişdir. PRAKKOM layihəsinin bu müsabiqə çərçivəsində qalib seçilməsi platformanın Azərbaycan hüquq sistemində nəzəriyyə ilə praktika arasında körpü yaratmaq istiqamətində gördüyü işlərin və irəli sürdüyü konsepsiyanın dövlət səviyyəsində dəstəkləndiyini göstərir.

PRAKKOM layihəsinin əsas məqsədi qanunların maddələri üzrə yalnız nəzəri izahlarla kifayətlənməyərək, həmin normaların praktikada necə tətbiq olunduğunu, məhkəmə təcrübəsini, qanunaltı aktları və tətbiq zamanı ortaya çıxan problemləri bir araya gətirməklə hüquqşünaslara və sadə vətəndaşlara vahid, sistemli və praktik məlumat mənbəyi təqdim etməkdir.

Qrant dəstəyi çərçivəsində PRAKKOM platformasının funksional imkanlarının genişləndirilməsi, yeni qanunlar üzrə praktik kommentariyaların hazırlanması, məzmunun zənginləşdirilməsi və istifadəçilər üçün daha əlçatan və faydalı hüquqi alətin formalaşdırılması nəzərdə tutulur.

Xatırladaq ki, PRAKKOM platforması Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru Babayev İlqar Süleyman oğlu tərəfindən yaradılmışdır və platformada “bildiyini qoy, bilmədiyini götür” prinsipi əsasında istifadəçilərin də kontentin formalaşmasında aktiv iştirakı təşviq olunur.

PRAKKOM komandası göstərilən etimada görə KOBİA-ya təşəkkür edir və layihənin Azərbaycan hüquq ictimaiyyəti üçün daha faydalı və praktik bir platformaya çevrilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Keçid