Maddə 93.
Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı payın keçməsi
93.1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər.
93.2. Cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, yol verilir.
93.3. Cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər, bu şərtlə ki, cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında həmin hüququn həyata keçirilməsinin ayrı qaydası nəzərdə tutulmasın. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər.
93.4. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsinə uyğun olaraq iştirakçının payının (onun bir hissəsinin) üçüncü şəxslərə özgəninkiləşdirilməsi mümkün olmadıqda, cəmiyyətin digər iştirakçıları isə onu satın almaqdan imtina etdikdə cəmiyyət iştirakçının payını əldə etməyə borcludur.
93.5. İştirakçının payını (onun bir hissəsini) məhdud məsuliyyətli cəmiyyətin özünün əldə etdiyi halda cəmiyyət onu özünün nizamnaməsində nəzərdə tutulan müddətlərdə və qaydada başqa iştirakçılara və ya üçüncü şəxslərə satmağa və ya bu Məcəllənin 90.4 və 90.5-ci maddələrinə uyğun olaraq öz nizamnamə kapitalını azaltmağa borcludur.
93.6. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı paylar cəmiyyətin iştirakçısı olan fiziki şəxslərin vərəsələrinə və hüquqi şəxslərin hüquq varislərinə bu şərtlə keçir ki, cəmiyyətin nizamnaməsində payların onlara yalnız cəmiyyətin qalan iştirakçılarının razılığı ilə keçməsi nəzərdə tutulmasın. Payın keçməsinə razılıq verməkdən imtina edilməsi cəmiyyətin nizamnaməsində nəzərdə tutulan qaydada və şərtlərlə cəmiyyətin həmin payın həqiqi dəyərini iştirakçının vərəsələrinə (hüquq varislərinə) ödəməsi və ya həmin dəyərə bərabər əmlakı onlara naturada verməsi vəzifəsinin yaranmasına səbəb olur.
93.7. Cəmiyyətin paylarının əlli faizini və daha çox hissəsini almaq istəyən şəxs bütün iştirakçılara rəsmi qaydada müvafiq təklif təqdim edir.