Maddə 1076-8.

İpoteka istiqrazlarının buraxılması xüsusiyyətləri

 
1076-8.1. İpoteka istiqrazlarının emissiya prospektində (informasiya memorandumunda) “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsində nəzərdə tutulmuş məlumatlardan başqa aşağıdakı məlumatlar olmalıdır:
1076-8.1.1. ipoteka örtüyünə daxil olan aktivlər barədə məlumat (dəyəri, tərkibi, borcların ödənilməsi şərtləri və qaydası);
1076-8.1.2. ipoteka istiqrazlarının vaxtından əvvəl ödənişi nəzərdə tutulduqda, bu halda ödənişin şərtləri, yaxud vaxtından əvvəl ödənişə yol verilmədikdə, bu barədə məlumat;
1076-8.1.3. ipoteka istiqrazlarının ödənişi ilə bağlı məlumatın dərc ediləcəyi media subyektləri barədə məlumat;
1076-8.1.4. sərəncamçı ilə bağlı məlumatlar.
1076-8.2. İpoteka istiqrazlarının vaxtından əvvəl ödənilməsi zamanı vaxtından əvvəl ödəniş bir buraxılışın bütün istiqrazlarına eyni şərtlərlə şamil olunur.
1076-8.3. Emitentin emissiya etdiyi ipoteka istiqrazlarının bir buraxılışı bir ipoteka örtüyü ilə təmin edilir. Bir ipoteka örtüyü ilə ipoteka istiqrazlarının bir neçə buraxılışının təmin edilməsinə yalnız əvvəlcədən təsdiq edilən emissiya prospektində (informasiya memorandumunda) nəzərdə tutulduğu halda yol verilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.