Maddə 223.
Əməyin mühafizəsi xidmətləri
1. Əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrində işəgötürənlər işçilərin sayı əlli nəfərdən çox olduqda əməyin mühafizəsi xidmətləri yaratmalıdırlar.
2. Əməyin mühafizəsi xidmətinin tərkibinə əmək qanunvericiliyini, əməyin mühafizəsi normalarını mükəmməl bilən mütəxəssislər daxil edilir. İşçilərinin sayı əlli nəfərdən çox olan müəssisələrdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi, işçilərinin sayı beş yüz nəfərdən artıq olduqda isə müəssisə rəhbərinin (baş mühəndisinin) əməyin mühafizəsi üzrə müavini vəzifəsi təsis edilir. Min nəfərdən çox işçinin çalışdığı müəssisələrdə sənaye-sanitariya laboratoriyası təşkil olunur, habelə əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilir.
Fiziki şəxs olan işəgötürənlərin yaratdıqları, işçilərin sayı əlli nəfərdən çox olan iş yerlərində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi təsis edilir.
2-1. Müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində işçilərin sayı 50 nəfərdən az olduqda əməyin mühafizəsi işinin təşkili işçinin razılığı ilə və əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə əməyin mühafizəsi üzrə biliyi olan işçilərdən birinin əmək funksiyasına daxil edilir, bu mümkün olmadıqda isə işəgötürən tərəfindən əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi təsis edilir.
3. Əməyin mühafizəsi xidmətinin mütəxəssisləri əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər vermək, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyi pozan şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə işəgötürənə təqdimatlar vermək hüququna malikdirlər.
4. Əməyin mühafizəsi xidmətinin rəhbərləri və mütəxəssisləri öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb edilə bilməzlər və vəzifə borclarını düzgün və keyfiyyətli yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
5. İşəgötürən əməyin mühafizəsi xidmətini yalnız əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın razılığı ilə yenidən təşkil və ya ləğv edə bilər.
Otuz beşinci fəsil
İşçinin əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatlar