Maddə 178.

Əməyin ödənilməsinin təminatları

 
1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
2. Müəssisənin ləğv edildiyi, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə kompensasiya, bu Məcəllənin 77 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildiyi günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin və ya fiziki şəxs olan işəgötürənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə həmin ödənclər “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu, banklar və sığorta təşkilatlarına münasibətdə “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş növbəliliyə uyğun olaraq ödənilir.
3. Əgər bu maddənin ikinci hissəsində göstərilmiş hallarda ödəncləri ödəməyə işəgötürənin maddi-maliyyə imkanı yoxdursa, onda işçilərə həmin ödənclər müəssisənin əmlakı satılmaqla, fiziki şəxs olan işəgötürənə münasibətdə onun sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı mülkiyyətində olan əsas vəsaitlər hesabına ya müvafiq normativ hüquqi aktlarla müəyyən edilən qaydada dövlət tərəfindən yaradılmış təminat sistemi ilə ödənilməlidir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.