Maddə 133.
Əmək məzuniyyətlərinin verilməsində növbəlilik
1. İstehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər.
2. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir.
3. Aşağıdakı işçilərə əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli vaxtda verilir:
14 yaşınadək iki və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara;
16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma;
hərbi qulluqçunun arvadına (ərinə);
əlilliyi olan şəxslərə;
müharibə veteranlarına;
Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə;
yaşı on səkkizdən aşağı olan işçilərə;
işləməklə yanaşı təhsil alan şəxslərə;
bu Məcəllənin 120-ci maddəsində göstərilən Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə;
əsas iş yerində məzuniyyətə çıxan əlavə iş yeri üzrə işləyən işçilərə;
əlavə iş yerində məzuniyyətə çıxan əsas iş yeri üzrə işləyən işçilərə.
4. İşlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir.