Maddə 88.
Vergilər üzrə borcların ödənilməsi qaydası
88.1. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri istisna olmaqla, vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir:
88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği;
88.1.2. hesablanmış faizlərin məbləği;
88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.
88.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri istisna olmaqla, məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir:
88.2.1. cari rüb üzrə borc;
88.2.2. cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq;
88.2.3. yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği;
88.2.4. yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.
88.2-1. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri bu Məcəllənin 88.1-ci və 88.2-ci maddələrində göstərilən sıra qaydasından asılı olmayaraq, hər bir qətnamə üzrə ayrılıqda ödənilir.
88.3. Cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait bu Məcəllənin 88.2.2 – 88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir.
88.4. Bu Məcəllənin 88.1.1-ci maddəsinin müddəaları bu Məcəllənin 221.4.7-ci və 221.8.6-cı maddələrində nəzərdə tutulan hallara şamil edilmir.