Maddə 76.

Banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları, habelə elektron pul təşkilatları tərəfindən məlumatların verilməsi

 
76.1. Vergi orqanları vergi nəzarəti zamanı və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə kredit və ya elektron pul təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin kredit və ya elektron pul təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) eyniləşdirmə məlumatını, onun hesabları və hesab əməliyyatları barədə məlumat, həmçinin bu məlumatı təsdiq edən sənədləri almaq hüququna malikdir.
76.1-1. Bu Məcəllənin 76.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisinin vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatlar kredit və ya elektron pul təşkilatları tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.
76.2. Kredit və ya elektron pul təşkilatı və ya bank əməliyyatları aparan şəxs müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada bu Məcəllənin 76.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günü müddətində hesab sahibinə rəsmi məlumat göndərməlidir (verməlidir) və 15 gün müddətində tələb olunan məlumatları vergi orqanına təqdim etməlidir.
Bu maddənin digər müddəalarından asılı olmayaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərindən irəli gəldiyi halda xarici dövlətin səlahiyyətli orqanından daxil olan müraciətdə (sorğuda) hesab sahibinə müvafiq məlumatın verilməməsi qeyd edildiyi təqdirdə, hesab sahibinə rəsmi məlumat göndərilmir.
76.2-1. Banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.
76.3. Bu maddə ilə müəyyən edilmiş qaydada bank və digər ödəniş hesabları və ya əməliyyatlar barədə alınmış məlumatlar müvafiq beynəlxalq müqavilənin müddəaları əsasında digər dövlətin aidiyyəti orqanlarına verilə bilər. Digər hallarda bank və digər ödəniş hesabları və əməliyyatlar barədə alınmış məlumatların digər orqanlara və ya vətəndaşlara verilməsi qadağandır.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.