Maddə 67.

Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları

 
67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır:
67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri;
67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar;
67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar;
67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar;
67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar;
67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar;
67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;
67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri;
67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.
67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir:
67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı;
67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;
67.2.3. fəaliyyət göstərilən ərazi.
67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir.
67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır.
67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.
67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır.
67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır.
67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır.
67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır.
67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır.
67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
67.11. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər.
67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir.
67.13. Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir.
Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir.
67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.
67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti (o cümlədən üfüqi monitorinq) zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir.
67.16. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır:
67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə;
67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə.
67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.