Maddə 60.
Kredit təşkilatlarına, elektron pul təşkilatlarına, bank əməliyyatlarını aparan şəxslərə və maliyyə institutlarına tətbiq edilən maliyyə sanksiyaları
60.1. Kredit və elektron pul təşkilatları, bank əməliyyatlarını aparan şəxslərə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:
60.1.1. vergi ödəyicisinə hesablar açdıqda həmin hesabların vergi orqanında qeydiyyata alınması üçün elektron məlumatın bu Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq vergi orqanına təqdim edilməməsinə görə - hər açılmış hesab üzrə 400 manat məbləğində, habelə vergi orqanında qeydiyyata alınmamış hesablar üzrə və ya bu Məcəllənin 35.2-ci maddəsində müəyyənləşdirilən qeydiyyat bildirişi daxil olanadək məxaric əməliyyatları (dövlət büdcəsinə və məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə büdcədənkənar fondlara məxaric əməliyyatları istisna olmaqla) aparıldığı halda aparılmış məxaric əməliyyatının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
60.1.2. sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda, onların vergilərin ödənilməsinə dair ödəmə tapşırıqlarının və vergi orqanının sərəncamlarının icra edilməməsinə görə:
60.1.2.1. vergi ödəyicisinin vergilərin ödənilməsinə dair tapşırıqlarının vaxtında icra edilməməsinə, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliyi pozulmaqla icra edilməsinə görə - vaxtında icra edilməyən ödəmə tapşırıqlarında göstərilən məbləğlərin və ya növbəliyi pozulmaqla aparılan əməliyyatların məbləğlərinin 50 faizi;
60.1.2.2. vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinin hesabından tutulması haqqında vergi orqanının sərəncamlarının daxil olduğu gündən 3 iş günü müddətində icra edilməməsinə, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliyi pozulmaqla icra edilməsinə görə - vergi orqanının icra edilməyən sərəncamlarında göstərilən məbləğlərin və ya növbəliyi pozulmaqla aparılan əməliyyatların məbləğlərinin 50 faizi;
60.1.2.3. bu Məcəllənin 65.2-ci maddəsi ilə müəyyən edilən həcmdə pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında vergi orqanlarının sərəncamlarının daxil olduğu vaxt icra edilməməsinə görə - vergi orqanının icra edilməyən sərəncamında göstərilən məbləğlərin 50 faizi;
60.1.2.4. bu Məcəllənin 65.7-1-ci maddəsinin tələblərinin pozulmasına görə - vergi orqanının sərəncamında göstərilən məbləğlərin 50 faizi.
Bu Məcəllənin 60.1.2.1-ci və 60.1.2.2-ci maddələrində növbəliyi pozulmaqla aparılan əməliyyatların məbləğlərinə əsasən tətbiq edilən maliyyə sanksiyasının məbləği həmin ödəmə tapşırıqlarında və ya vergi orqanının sərəncamlarında göstərilən məbləğin 50 faizindən çox olmamalıdır.
60.1.3. Çıxarılmışdır.
60.1.4. Bu Məcəllənin 76.2-1-ci maddəsinin tələblərini icra etməməyə görə - aparılmış əməliyyatın ümumi məbləğinin 30 faizi miqdarında, bu hesablar üzrə əməliyyat aparılmadıqda isə hər belə hesab üçün 400 manat məbləğində.
60.2. Bu Məcəllənin 60.1.2-ci maddəsində müəyyən edilən hallarda vergi ödəyicisindən banka və ya bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatına, habelə elektron pul təşkilatına müvafiq tapşırıq və ya sərəncam daxil olduğu gündən həmin günlər üçün vergi ödəyicisinə faiz hesablanmır.
60.3. Maliyyə institutlarına aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:
60.3.1. maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə – hər belə hesab və ya əməliyyat üçün 500 manat məbləğində;
60.3.2. bu Məcəllənin 16.1.11-4-cü maddəsində göstərilən elektron hesabatın müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməməsinə görə – 10000 manat məbləğində;
60.3.3. bu Məcəllənin 76-1.1-ci maddəsinin tələblərini icra etməməyə görə – hesaba mədaxil olunmuş vəsaitin ümumi məbləğinin 30 faizi miqdarında, bu hesablar üzrə mədaxil əməliyyatı aparılmadıqda isə, hər belə hesab üçün 400 manat məbləğində;
60.3.4. vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulması həmin müqavilələrin tərəfi olan digər dövlətin səlahiyyətli orqanının bildirişinə əsasən aşkar olunduqda – hər belə hesab üçün 1000 manat məbləğində.