Maddə 50.
Operativ vergi nəzarəti
50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:
50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi;
50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi;
50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi;
50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması;
50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi;
50.1.5. Çıxarılmışdır.
50.1.6. lisenziya tələb olunan fəaliyyət növləri ilə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi;
50.1.6-1. qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi, habelə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qeydiyyat şərtlərinin pozulması faktlarının aşkar edilməsi;
50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;
50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi;
50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi.
50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi;
50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi;
50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi;
50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi;
50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi;
50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi;
50.1.15. kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda icarəyə götürülən təsərrüfat subyektlərinin (obyektlərinin) vergi orqanında uçota alınması təmin edilmədən icarəyə götürən şəxslərin həmin təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərməsinə şərait yaradılması hallarının aşkar edilməsi;
50.1.16. kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasına dair (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks etdirilməsi (yerləşdirilməsi) hallarına nəzarət edilməsi.
50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır:
50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar;
50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar;
50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə;
50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda;
50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda.
50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.
50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.
50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir.
50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 –49-cu maddələrinin müddəaları tətbiq edilir.
50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər.
50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:
50.8.1. vergi ödəyicisinin adı;
50.8.2. VÖEN;
50.8.3. çekin vurulmasının tarixi və saatı;
50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği);
50.8.6. cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi;
50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi.
50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).
50.8.9. malın sürətli məlumat kodu (Quick Response Code);
50.8.10. ödənilmiş məbləğ;
50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ;
50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə);
50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
50.8.13. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı);
50.8.14. çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş);
50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
50.8.16. geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator);
50.8.17. nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator);
50.8.18. yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı.