Maddə 38-1.

Üfüqi monitorinq

 
38-1.1. Üfüqi monitorinq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar üzrə həyata keçirilir. Üfüqi monitorinqin predmeti vergilərin bu Məcəlləyə uyğun olaraq düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarətdən ibarətdir. Transfer qiymətlərinin tətbiqi və xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və xaricdən əldə olunan gəlirlər üzrə müvafiq məlumatların araşdırılması digər vergi nəzarəti tədbirləri ilə aparılır və üfüqi monitorinqlə əhatə edilmir.
38-1.2. Üfüqi monitorinqin əhatə etdiyi dövr təqvim ili hesab olunur və başladığı tarixdən əvvəlki bir təqvim ilini əhatə edir. Üfüqi monitorinq bu Məcəllənin 38-1.7-ci maddəsində göstərilən vaxtda başlayır və 6 aydan gec olmayaraq başa çatır. Əlavə araşdırma tələb edildiyi halda üfüqi monitorinqin keçirilməsi müddəti vergi orqanının qərarına əsasən iki aya qədər uzadıla bilər.
38-1.3. Bu Məcəllənin 38-1.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla üfüqi monitorinqə qəbul edilmək üçün ərizənin verildiyi tarixə aşağıdakı bütün şərtlərə cavab verən vergi ödəyiciləri üfüqi monitorinqə qəbul edilə bilərlər:
38-1.3.1. vergi ödəyicisi orta və iri sahibkarlıq subyektidirsə;
38-1.3.2. vergi ödəyicisi mühasibat və vergi uçotunu mühasibat və (və ya) vergi uçotunun avtomatlaşdırılması üçün nəzərdə tutulmuş proqram təminatından istifadə etməklə aparırsa;
38-1.3.3. vergi ödəyicisi bu Məcəllənin 38-1.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq daxili nəzarət sistemini tətbiq edirsə.
38-1.4. Barəsində riskli vergi ödəyicisi olmasına dair qərar qüvvədə olduqda, habelə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda vergi ödəyicisi üfüqi monitorinqə qəbul edilə bilməz.
38-1.5. Üfüqi monitorinqə qəbul edilmək üçün müraciət edən vergi ödəyicisi üfüqi monitorinqin aparılacağı dövrdən əvvəlki ilin sentyabr ayının 1-dən gec olmayaraq forması və doldurulma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ərizə və aşağıdakı sənədlərlə (məlumatlarla) birlikdə vergi orqanına müraciət edir:
38-1.5.1. bu Məcəllənin 38-1.10.1-ci maddəsinə əsasən təsdiq edilmiş inzibati reqlamentə uyğun olaraq vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlər və məlumatlar;
38-1.5.2. bu Məcəllənin 38-1.10.2-ci maddəsinə uyğun olaraq qurulmuş daxili nəzarət sistemi, mümkün vergi riskləri və həmin risklərə nəzarət proseduru barədə sənədlər.
38-1.6. Üfüqi monitorinqə qəbul edilmə barədə ərizənin və ona əlavə edilmiş sənədlərin bu Məcəllənin 38-1.3-cü maddəsində nəzərdə tutulmuş şərtlərə uyğunluğuna vergi orqanı tərəfindən 2 ay müddətində baxılır və baxılmanın nəticəsi üzrə vergi ödəyicisinin üfüqi monitorinqə qəbul edilməsi və ya üfüqi monitorinqə qəbul edilməsindən imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edilir. Vergi ödəyicisinin üfüqi monitorinqə qəbul edilməsi barədə qərar bir dəfə qəbul edilir və növbəti illər ərzində də qüvvədə qalır (vergi ödəyicisi bu Məcəllənin 38-1.12-ci maddəsinə uyğun olaraq üfüqi monitorinqdən çıxarılmadığı halda).
38-1.7. Üfüqi monitorinqə qəbul edilməsi barədə qərar çıxarılmış vergi ödəyicisi bu Məcəllədə nəzərdə tutulmuş müddətdə mənfəət və gəlir vergisi bəyannaməsinin verilməsinin son tarixindən (hesabatın təqdim edilməsi müddətinin uzadılması nəzərə alınmaqla) 30 gün ərzində monitorinqin aparılması üçün tələb olunan sənədləri və məlumatları vergi orqanına təqdim edir. Bu maddədə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra növbəti gün vergi orqanı tərəfindən üfüqi monitorinqin başlanması barədə qərar qəbul edilir.
38-1.8. Bu Məcəllənin 38-1.5-ci maddəsində nəzərdə tutulmuş sənədlər və məlumatlar həmin maddədə müəyyən edilmiş müddətdə təqdim edilmədikdə və ya təqdim edilmiş sənədlərdə və məlumatlarda çatışmazlıqlar olduqda, vergi orqanı həmin sənədlərin və məlumatların, onlar vergi ödəyicisində olmadıqda isə bu barədə izahatın təqdim edilməsi üçün vergi ödəyicisinə 5 iş günü ərzində elektron qaydada sorğu göndərir. Sorğu göndərildikdən sonra 15 gün ərzində tələb edilən sənədlər və məlumatlar vergi orqanına təqdim edilməlidir.
38-1.9. Üfüqi monitorinqin başlama tarixindən 15 gün ərzində vergi ödəyicisi dəqiqləşdirilmiş vergi bəyannamələrini təqdim edə bilər.
38-1.10. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:
38-1.10.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi inzibati reqlamentə uyğun olaraq vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədləri və məlumatları bu məqsədlə yaratdığı məlumat mübadiləsi platformasında yerləşdirmək və vergi orqanının həmin platformaya çıxışını təmin etmək;
38-1.10.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydalara uyğun daxili nəzarət sistemini qurmaq və mümkün vergi riskləri barədə məlumatı və həmin risklərə nəzarət prosedurunu vergi orqanına təqdim etmək.
38-1.11. Üfüqi monitorinqin nəticələrinin rəsmiləşdirilməsi, üfüqi monitorinq zamanı vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, nümunə kimi əşyaların götürülməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və inventarizasiya aparılması bu Məcəllənin 38.5-ci, 38.6-cı, 39 - 41-ci və 43 - 48-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
38-1.12. Üfüqi monitorinqin keçirilməsi aşağıdakı hallarda dayandırılır və vergi ödəyicisi üfüqi monitorinqdən çıxarılır:
38-1.12.1. vergi ödəyicisi tərəfindən üfüqi monitorinqdə iştirakın dayandırılması barədə ərizə təqdim edildikdə (bu halda vergi ödəyicisi 3 iş günü ərzində üfüqi monitorinqdən çıxarılır);
38-1.12.2. sənədlərin və məlumatların təqdim edilməsinə dair vergi orqanının tələbləri ardıcıl iki dəfə pozulduqda;
38-1.12.3. bu Məcəllənin 38.3.6-cı maddəsinə uyğun olaraq növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar çıxarıldıqda;
38-1.12.4. vergi ödəyicisi bu Məcəllənin 38-1.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq mümkün vergi riskləri barədə məlumatı açıqlamamışdırsa vergi ödəyicisində üfüqi monitorinqlə əhatə olunan dövr üzrə bu Məcəllənin 38.3.5-ci maddəsinə uyğun olaraq növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar çıxarıldıqda və ya üfüqi monitorinqlə əhatə olunmayan dövr üzrə keçirilən səyyar vergi yoxlaması zamanı bu Məcəllənin 36.3-1.2-ci maddəsində göstərilən hal üzrə yoxlamanın əhatə etdiyi dövr artırıldıqda (üfüqi monitorinqlə əhatə olunan dövr daxil olmaqla);
38-1.12.5. vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edildikdə, habelə vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda.
38-1.13. Üfüqi monitorinq başa çatdıqdan sonra onun nəticələri üzrə vergi orqanının rəhbəri (onun müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır:
38-1.13.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;
38-1.13.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması.
38-1.14. Bu Məcəllənin 38-1.15-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, üfüqi monitorinq aparılan vergi ödəyicisində vergitutma bazasının azaldılması və ya verginin düzgün hesablanmaması aşkar edildikdə, vergi orqanının qərarı ilə bu Məcəllənin 58.1-1-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilir.
38-1.15. Vergi ödəyicisi üfüqi monitorinqlə aşkar olunmuş kənarlaşmalar barədə məlumatı üfüqi monitorinqin başlanmasına qədər bu Məcəllənin 38-1.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq daxili nəzarət sistemi tətbiq etməklə müvafiq formada açıqlamışdırsa üfüqi monitorinq keçirilən vergi ödəyicilərinə vergitutma bazasının azaldılması və ya verginin düzgün hesablanmamasına görə maliyyə sanksiyası tətbiq edilmir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.