Maddə 225.
Sadələşdirilmiş verginin tətbiqi
225.1. ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər cari ilin sentyabrın 1-dən gec olmayaraq, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edəcəyi barədə yazılı məlumatı qeydiyyatda olduğu vergi orqanına təqdim edir. Bu zaman vergi ödəyicisi ərizə ilə müraciət etdiyi tarixdən etibarən sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərir və təqdim edilən mallara (işlərə, xidmətlərə) müvəqqəti vergi rejiminin müddəaları tətbiq edilir.
225.2. Bu maddədə göstərilən şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etdikdə, vergi ödəyicisi ƏDV qeydiyyatının ləğv edilməsi ilə bağlı bu Məcəllənin 158.1-ci maddəsinə uyğun olaraq ərizə təqdim edir və bu zaman kapital xarakterli xərclərin çəkilməsinə görə ödənilmiş ƏDV məbləğləri istisna olmaqla, ictimai iaşə fəaliyyəti üçün alınmış mallara (işlərə, xidmətlərə) görə əvəzləşdirilmiş ƏDV-nin məbləği yenidən hesablanır.
225.3. Bu Məcəllənin 222.2-ci maddəsi ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisi ƏDV qeydiyyatında fəaliyyətini davam etdirərkən, sahibliyində qalan bu Məcəllənin 225.2-ci maddəsində göstərilən mallar barədə vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada məlumat təqdim edir. Təqdim edilən məlumatda göstərilən malların sonradan təqdim edilməsi, o cümlədən ictimai iaşə xidmətlərinin tərkibi kimi silinməsi ƏDV tutulan dövriyyə hesab edilmir.
225.4. Vergi ödəyicisi növbəti hesabat ilində bu Məcəllənin 218.1.2-ci və 218.2-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etdikdə o, müvəqqəti vergi rejimində fəaliyyət göstərmədiyindən kapital xarakterli xərclərin çəkilməsinə görə ödənilib əvəzləşdirilmiş ƏDV məbləğləri yenidən hesablanır.
XIX fəsil. İşğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında tətbiq edilən vergitutmanın xüsusiyyətləri