Maddə 224.

Azadolmalar və güzəştlər

 
224.1. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir:
224.1.1. əmlak və torpaq vergiləri üzrə tam məbləğdə;
224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi;
224.1.3. bu Məcəllənin 222.5.1-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.5-ci maddəsində müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz;
224.1.4. bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.1-1-ci maddəsi ilə müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz.
224.2. Bu Məcəllənin 222.5.4-cü maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərə nəzərdə tutulmuş vergi güzəşti həmin fəaliyyəti həyata keçirən şəxslərə malların daşınmasını və ya çatdırılmasını sifariş etmiş satıcılara münasibətdə və (və ya) satıcıların daşınma və ya çatdırılma nəticəsində əldə edilən gəlirlərinə tətbiq edilmir.
224.3. Bu Məcəllənin 218-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edən şəxslərə bu Məcəllənin 220.1-ci maddəsində göstərilən dərəcə ilə hesablanan sadələşdirilmiş verginin məbləği 50 faiz azaldılır.
224.4. Müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məhsul (mal) növlərinin idxalı ƏDV-dən azad edilir.
224.5. Müvəqqəti vergi rejimi müddətində hava nəqliyyatı daşıyıcılarının sərnişindaşıma fəaliyyətində istifadə etdiyi hava gəmiləri əmlak vergisindən azad edilir.
224.6. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən bu Məcəllənin 124-cü maddəsi üzrə fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.
224.7. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə vergilərin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə bu Məcəllənin 59.1-ci maddəsi ilə müəyyən edilmiş faizlərin hesablanması 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək dayandırılır. Dayandırılmış müddət bu Məcəllənin 59.2-ci maddəsində faizlərin hesablanması üçün müəyyən edilmiş 1 illik müddətə daxil edilmir.
224.8. Bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslər tərəfindən alınmış ərzaq və hazırlanmış qida məhsullarının xarab olması 2021-ci il yanvarın 1-dək bu Məcəllənin 159.5-ci maddəsinin məqsədləri üçün vergi tutulan əməliyyat sayılmır.
224.9. Müvəqqəti vergi rejimi müddətində əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş və bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilmiş xərclər məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılır.
224.10. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu maddə ilə müəyyən edilən güzəştlər tətbiq edilərkən, cari il üzrə ödənilmiş vergilər, o cümlədən növbəti dövrlər üzrə ödənilən vergilər yenidən hesablanır və artıq ödənilmiş məbləğlər növbəti dövrlərin ödəmələrinə aid edilir.
224.11. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət bu Məcəllənin 218.4.4-cü maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən şəxslərin əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilmir və ödənilmiş vergilər növbəti ayların ödəmələrinə aid edilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.