Maddə 219.

Vergitutma obyekti

 
219.1. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) (bu Məcəllənin 218.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyicilərindən başqa) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir.
219.2. Bu Məcəllənin 218.4.1-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma obyektidir.
219.3. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir.
219.3-1. Bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir.
219.3-2. Bu Məcəllənin 218.4.5-ci maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan torpaq sahələri vergitutma obyektidir.
219.4. İdman mərc oyunlarının operatoru üçün idman mərc oyunları biletlərinin satışından əldə edilmiş vəsait, idman mərc oyunlarının satıcısı üçün isə idman mərc oyunlarının operatorunun ona verdiyi haqq (mükafat) sadələşdirilmiş verginin vergitutma obyektidir.
219.4-1. Lotereya təşkilatçısı üçün lotereya biletlərinin satışından əldə edilmiş vəsait, lotereya biletlərinin satıcısı üçün isə lotereya təşkilatçısının ona verdiyi haqq (mükafat) sadələşdirilmiş verginin vergitutma obyektidir.
219.5. Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil.
219.6. bu Məcəllənin 218.1.1.2-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər bu fəaliyyət üzrə mənfəət vergisinin və əmlak vergisinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər bu fəaliyyət üzrə gəlir vergisinin ödəyicisi deyildirlər.
219.7. Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 2014-cü il yanvarın 1-dən 10 il müddətinə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.
219.8. Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə sadələşdirilmiş vergini ödəməkdən azaddırlar.
219.9. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.
219.10. Qanunla müəyyən edilmiş hallarda dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir sadələşdirilmiş vergidən azaddır.
219.11. Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər sadələşdirilmiş vergidən azaddır.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.