Maddə 201.
Müəssisənin və fərdi sahibkarın əmlak vergisinin hesablanması və ödənilməsi
201.1. Vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir.
201.1.1. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14-cü maddəsinə əsasən sığortalanma tarixinə əmlakın bazar dəyərinə uyğun olaraq müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əsas vəsaitlərin dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda bu Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir.
201.2. Müəssisənin və fərdi sahibkarın əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.
201.3. Müəssisələr və fərdi sahibkarlar cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.
Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər və fərdi sahibkarlar əsas vəsaitlərin əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.
Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.
201.4. Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.
Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur.
Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.
201.5. Müəssisə və fərdi sahibkar əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir.
Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.
Fərdi sahibkar fəaliyyətinin ləğvi hallarında vergi uçotundan çıxarılma barədə ərizənin verildiyi tarixdən 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.
201.6. İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği bu Məcəllənin 119.1-ci maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.
201.7. Müəssisələrin və fərdi sahibkarların əmlak vergisi dövlət büdcəsinə ödənilir.
201.8. Çıxarılmışdır.