Maddə 199.
Əmlak vergisindən azadolmalar və güzəştlər
199.1. Dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, dövlətin adından yaradılan publik hüquqi şəxslər (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan əmlaka görə ödənilməli əmlak vergisi istisna olmaqla), dövlət fondları və əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatları əmlak vergisini ödəməkdən azaddır.
199.2. Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.
199.3. Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, bu Məcəllənin 102.1-1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır.
199.4. Vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində (bu Məcəllənin 199.4.4-cü maddəsində nəzərdə tutulmuş əsas vəsaitlərə münasibətdə onların dəyərinin 75 faizi həddində) azaldılır:
199.4.1. ekologiya və yanğından mühafizə üçün istifadə edilən əsas vəsaitlər;
199.4.1-1. müəssisələrin mülkiyyətində (balansında) olan və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən mülki müdafiə təyinatlı əmlaklar;
199.4.2. məhsul ötürən kəmərlər, dəmir və avtomobil yolları, rabitə və enerji ötürücü xətləri, meliorasiya və suvarma sistemi obyektləri, peyklər və digər kosmik obyektlər;
199.4.3. fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri;
199.4.4. təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlər;
199.4.5. Çıxarılmışdır.
199.5. Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.
199.6. Çıxarılmışdır.
199.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, 10 il müddətinə sənaye və texnologiyalar parkındakı əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar. Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərə də tətbiq edilir.
199.7-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı əmlakına görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə əmlak vergisini ödəməkdən azaddır.
199.8. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının və sənaye məhəllələrinin idarəedici təşkilatı və ya operatoru sənaye, yaxud texnologiyalar parklarının və sənaye məhəllələrinin ərazisində yerləşən əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddır.
199.9. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 13 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.
199.10. Müəssisələrin balansında olan, sərnişin və yük daşımalarında istifadə edilən su nəqliyyatı vasitələrinə görə ödənilməli olan əmlak vergisinin məbləği 25 faiz azaldılır.
199.11. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş (alınmış, gətirilmiş, istehsal edilmiş, tikilmiş və ya quraşdırılmış) əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır. Bu maddə ilə müəyyən edilmiş azadolma investisiya təşviqi sənədi alınan tarixədək əldə edilmiş və hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən sahibkarlıq fəaliyyətində istifadə edilmiş əmlaklara tətbiq edilmir. Bu maddə ilə müəyyən edilən azadolma investisiya layihəsi çərçivəsində sahibkarlıq fəaliyyətinə cəlb edilən və əvvəllər vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilməyən binalara da şamil edilir.
199.12. 2019-cu il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisi aşağıdakı şərtlər daxilində vergi ödəyicisinin ərizəsi əsasında qaytarılır və ya onun razılığı ilə sonrakı vergi öhdəliklərinin yerinə yetirilməsinə aid edilir:
199.12.1. hesabat ilində digər vergilər üzrə hesablanmış və ödənilmiş verginin məbləği özəlləşdirilməsi başa çatmış əmlaka görə həmin hesabat ili üçün dövlət büdcəsinə hesablanmış və ödənilmiş verginin məbləğindən az olmasın;
199.12.2. ödənilmiş əmlak vergisinin qaytarılmasına dair ərizə ilə müraciət edildiyi tarixə vergi ödəyicisinin dövlət büdcəsinə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmasın.
199.13. Bu Məcəllənin 199.12-ci maddəsi ilə müəyyən olunmuş güzəşt hüququ eyni əmlaka görə yalnız bir hesabat ili üzrə tətbiq edilir.
199.14. Mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla).
199.15. KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən KOB klaster fəaliyyətində istifadə olunan əmlaklara görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.
199.16. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırdığı əmlaka görə 2019-cu il yanvarın 1-dən 12 il müddətinə əmlak vergisini ödəməkdən azaddır.
199.17. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.
199.18. Kredit təşkilatları məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müflis elan olunduğu halda kredit təşkilatının müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi aydan etibarən əmlak vergisini ödəməkdən azaddırlar.
199.19. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramlarına uyğun olaraq 2023-cü il 1 yanvar tarixindən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus hüquqi şəxslər özəlləşdirilməsi barədə qərarın qəbul edildiyi ildən etibarən özəlləşdirilmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq, əmlak vergisini ödəməkdən azaddırlar.
199.20. Kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən əmlaklara görə həmin əmlakların balansa götürüldüyü təqvim ilindən başlayaraq 2 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.
199.21. Bu Məcəllənin 199.11-ci, 199.14-cü və 199.15-ci maddələri nəzərə alınmaqla, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında mehmanxana (hotel) və sanatoriya fəaliyyətində istifadə edilən (bu Məcəllənin 16.3-cü maddəsinə müvafiq olaraq sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövr istisna olmaqla) yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisi 2024-ci il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılır.
199.22. dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş və ya layihə şirkəti olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq həmin layihələr çərçivəsində istifadə olunan əmlaka görə əmlak vergisini ödəməkdən azaddırlar.