Maddə 190.
Aksizli malların siyahısı və vergi dərəcələri
190.1. Aşağıdakı mallar aksizli mallara aid edilir:
190.1.1. tütün məmulatları və onların əvəzediciləri;
190.1.2. birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri;
190.1.3. elektron siqaretlər üçün maye;
190.1.4. içməli spirt, pivə (alkoqolsuz pivə istisna olmaqla) və spirtli içkilərin bütün növləri;
190.1.5. energetik içkilər;
190.1.6. neft məhsulları;
190.1.7. minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);
190.1.8. avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla);
190.1.9. dövlət qeydiyyatına alınmalı olan motosikletlər;
190.1.9-1. dövlət qeydiyyatına alınmalı olan kvadrisikllər;
190.1.10. istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr;
190.1.11. idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz;
190.1.12. idxal olunan xəz-dəri məmulatları;
190.1.13. mobil cihazlar.
190.2. Azərbaycan Respublikasına idxal edilən aksizli mallara (bu Məcəllənin 190.1.7–190.1.13-cü maddələrində göstərilən aksizli mallar istisna olmaqla) aksizlərin dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
190.3. Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına və onların əvəzedicilərinə, energetik içkilərə, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlərə, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlərə, çeynənilən və ya buruna çəkilən tütünlərə, və tütün əvəzləyiciləri, habelə qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarına, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə və elektron siqaretlər üçün mayeyə aşağıdakı aksiz dərəcələri tətbiq edilir:
190.3.1. içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litrinə - 5,0 manat;
190.3.2. araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları - hər litrinə 5,0 manat;
190.3.3. konyak və konyak materialları - hər litrinə 5,0 manat;
190.3.4. şampan şərabı - hər litrinə 0,2 manat;
190.3.5. şərablar və şərab materialları - hər litrinə 0,2 manat;
190.3.6. pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli - digər içkilər hər litrinə 0,4 manat;
190.3.7. siqarlar, ucları kəsilən siqarlar və siqarilla (nazik siqarlar) - 1000 ədədinə 55,0 manat;
190.3.8. tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri - 1000 ədədinə 55,0 manat;
190.3.9. alkoqollu energetik içkilər – hər litrinə 2,0 manat;
190.3.10. alkoqolsuz energetik içkilər – hər litrinə 3,3 manat;
190.3.11. siqarlar, o cümlədən ucları kəsilən siqarlar – hər bir ədədinə 1,0 manat;
190.3.12. elektron siqaretlər üçün maye – hər litrinə 100,0 manat;
190.3.13. bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan) – hər litrinə 0,5 manat;
190.3.14. qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər - hər kiloqramına 22,0 manat;
190.3.14-1. istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – 162,0 manat;
190.3.15. alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar –1000 ədədinə 25,50 manat;
190.3.16. birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri -hər bir ədədinə 2 manat.
190.3-1. Bu Məcəllənin 190.3.1-ci – 190.3.8-ci, 190.3.10-cu, 190.3.12-ci – 190.3.15-ci maddələrində qeyd olunan mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin (miqdarının) hasilinə tətbiq edilməklə hesablanır.
190.4. Azərbaycan Respublikasına idxal olunan bu Məcəllənin 190.1.7–190.1.13-cü maddələrində göstərilən aksizli mallara aşağıdakı aksiz dərəcələri tətbiq edilir:
190.4.1. minik avtomobillərinə (bu Məcəllənin 190.4.1-3-cü maddəsinin müddəaları nəzərə alınmaqla), istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə:
Vergitutma obyektinin adı Aksizin dərəcəsi
Minik avtomobilləri:
- mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda Mühərrikin həcminin hər kubsantimetrinə görə – 0, 30 manat
- mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 5 manat
- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat
- mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat
- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 70 manat
İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr Mühərrikin həcminin hər kubsantimetrinə görə – 6 manat
190.4.1-1. Avtobuslara görə:
Vergitutma obyektinin adı Aksizin dərəcəsi
Avtobuslar:
– mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda Mühərrikin həcminin hər kubsantimetrinə görə – 2 manat
– mühərrikin həcmi 6000 kubsantimetrədək olduqda 8000 manat + mühərrikin həcminin 4001 – 6000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 4 manat
– mühərrikin həcmi 8000 kubsantimetrədək olduqda 16000 manat + mühərrikin həcminin 6001 – 8000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 6 manat
– mühərrikin həcmi 10000 kubsantimetrədək olduqda 28000 manat + mühərrikin həcminin 8001 – 10000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 8 manat
– mühərrikin həcmi 10000 kubsantimetrdən çox olduqda 44000 manat + mühərrikin həcminin 10000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 10 manat
190.4.1-2. Azərbaycan Respublikasına idxal olunan avtobusların istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100000 kilometrdən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır;
190.4.1-3. mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə:
Vergitutma obyektinin adı Aksizin dərəcəsi
- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 15 manat
- mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 20600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 40 manat
- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 60600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 80 manat
190.4.1-4. Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-ci və 190.4.1-3-cü maddələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,5, dizel mühərrikli minik avtomobillərinə isə 2,0 yüksəldici əmsal tətbiq edilməklə hesablanır;
190.4.1-5. motosikletlərə görə:
Aksizli malın adı Aksizin dərəcəsi
Motosikletlər:
mühərrikin həcmi 125 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0,20 manat
mühərrikin həcmi 500 kubsantimetrədək olduqda 25 manat + mühərrikin həcminin 126-500 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,40 manat
mühərrikin həcmi 500 kubsantimetrdən çox olduqda 175 manat + mühərrikin həcminin 500 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 0,50 manat
190.4.1-6. Kvadrisikllərin mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,5 manat;
190.4.2. idxal olunan platinin hər qramına görə - 4,0 manat;
190.4.3. idxal olunan qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının min çəki vahidindəki miqdarına görə:
190.4.3.1. qızılın min çəki vahidindəki miqdarı 375 (üç yüz yetmiş beş) olduqda, hər qramına görə - 1,5 manat;
190.4.3.2. qızılın min çəki vahidindəki miqdarı 500 (beş yüz) olduqda, hər qramına görə - 2,0 manat;
190.4.3.3. qızılın min çəki vahidindəki miqdarı 585 (beş yüz səksən beş) olduqda, hər qramına görə - 2,4 manat;
190.4.3.4. qızılın min çəki vahidindəki miqdarı 750 (yeddi yüz əlli) olduqda, hər qramına görə - 3,0 manat;
190.4.3.5. qızılın min çəki vahidindəki miqdarı 958 (doqquz yüz əlli səkkiz) olduqda, hər qramına görə - 5,0 manat;
190.4.3.6. qızılın min çəki vahidindəki miqdarı 999 (doqquz yüz doxsan doqquz) olduqda, hər qramına görə - 6,0 manat;
190.4.4. idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün 400 manat (aksiz dərəcəsi) olmaqla, aşağıdakı qaydada hesablanır:
190.4.4.1. almazın bir ədədinin miqdarı 1 karatdan aşağı olduqda, aksiz dərəcəsi almazın faktiki miqdarına mütənasib olaraq azaldılır;
190.4.4.2. almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olduqda, aksizin məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanır:
190.4.4.2.1. 1 karatdan 2 karatadək olduqda - 2,0;
190.4.4.2.2. 2 karatdan 3 karatadək olduqda - 3,0;
190.4.4.2.3. 3 karatdan 4 karatadək olduqda - 4,0;
190.4.4.2.4. 4 karatdan 5 karatadək olduqda - 5,0;
190.4.4.2.5. 5 karatdan yuxarı olduqda - 10,0.
190.4.5. idxal olunan xəz-dəri məmulatlarının topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinin 10 faizi;
190.4.6. mobil cihazların hər bir ədədinə – 20,0 manat.
190.5. Azərbaycan Respublikasında istehsal olunan bu Məcəllənin 190.1.6 – 190.1.10-cu və 190.1.13-cü maddələrində nəzərdə tutulan aksizli mallar üzrə aksiz dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.