Maddə 174.
Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV
174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur.
174.2. Bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ bu Məcəllənin 163.1-ci maddəsində göstərilən halların yarandığı hesabat dövrü ərzində ödənilməli olan ƏDV sayılır və bu Məcəllənin 174.1-ci maddəsinə uyğun olaraq hesabat dövrü ərzində ödənilməli olan verginin məbləğinə əlavə edilir.
174.3. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq olunmuş ticarət əlavəsindən ƏDV hesablayan pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri həmin malların uçotunu ayrıca aparır. Belə uçot aparılmadıqda, bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq həmin malların pərakəndə satışı zamanı ƏDV ümumi dövriyyədən hesablanır.
174.4. 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli (xarici mənşəli balıq məhsulları istisna olmaqla)) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda bu maddədə göstərilən tarixdən 5 il müddətində ƏDV ticarət əlavəsindən hesablanır. Kənd təsərrüfatı məhsullarının alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanır.
174.5. İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin, tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə münasibətdə 2024-cü il yanvarın 1-dən 3 il müddətinə, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə isə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə onların vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.