Maddə 164.
ƏDV-dən azadolmalar və güzəştlər
164.1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur:
164.1.1. özəlləşdirilmə qaydasında dövlət müəssisəsindən satın alınan əmlakın dəyəri, habelə dövlət əmlakının icarəyə verilməsindən alınan icarə haqqının büdcəyə ödənilməli olan hissəsi;
164.1.2. maliyyə (maliyyə lizinqi daxil olmaqla) xidmətlərinin göstərilməsi, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən faizlər;
164.1.2-1. ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar çərçivəsində əldə edilmiş aktivlərin (əsas vəsaitlərin) maliyyə lizinqi müqaviləsi üzrə təqdim edilməsi;
164.1.3. milli və ya xarici valyutanın (numizmatika məqsədlərindən başqa), həmçinin qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi;
164.1.4. Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Respublikasının Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün nəzərdə tutulan qızılın, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta sərvətlərinin, xaricdə istehsal edilmiş Azərbaycan Respublikası pul nişanlarının, yubiley sikkələrinin və digər bu qəbildən olan qiymətlilərin idxalı;
164.1.5. idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın (əsas vəsaitlər istisna olmaqla) qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda);
164.1.6. tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, maliyyə bazarlarına nəzarət, yerli özünü idarəetmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yığımlar, xüsusi notariusların aldığı haqlar (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə) və onların tutulması müqabilində göstərdiyi xidmətlər;
164.1.7. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən media məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı;
164.1.8. mətbu media məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla);
164.1.8-1. media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi – 2023-cü il yanvarın 1-dən 6 il müddətinə;
164.1.9. dəfn və qəbiristanlığın mərasim xidmətləri;
164.1.9-1. qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən mal idxalı, iş görülməsi, xidmət göstərilməsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən xəzinə avadanlıqlarına texniki servis xidməti, pul nişanlarının istehsalı, daşınması, saxlanılması, sığortalanması, istehsal prosesinin auditinin keçirilməsi, ekspertizası, beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə edilməsi ilə əlaqədar xidmətlərin, informasiya sistemləri üzrə dəstəkləmə xidmətlərinin, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının məqsəd və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar məsləhət xidmətlərinin göstərilməsi;
164.1.10. Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikasının Dövlət Neft Fondunun qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi.
164.1.10-1. yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi;
164.1.11. Azərbaycan Respublikasına, o cümlədən onu təmsil edən hüquqi şəxslərə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondların, daşınan əmlakın və digər aktivlərin Azərbaycan Respublikası Dövlət Neft Fonduna və ya Azərbaycan Respublikasını təmsil edən tərəfə hər hansı şəkildə təqdim edilməsi, habelə idxalı üzrə əməliyyatlar.
164.1.12. Metropolitenlə sərnişindaşıma xidmətləri.
164.1.13. Ödənişli məktəbəqədər təhsil xidmətlərinin göstərilməsi (digər fəaliyyətləri ilə bağlı xidmətlərin göstərilməsi istisna olmaqla).
164.1.14. Bu Məcəllənin 106.1.9-106.1.11-ci maddələri ilə müəyyən olunan aktivlərin dəyəri və onların hər hansı şəkildə təqdim olunması üzrə əməliyyatlar;
164.1.15. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı; *
164.1.16. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən 10 il müddətinə; *
164.1.17. hüquqi şəxsin iştirak paylarının və ya səhmlərinin təqdim edilməsi;
164.1.18. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 13 il müddətinə;
164.1.19. müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatlarının, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialların və xammalın idxalı, habelə həmin şəxslər tərəfindən istehsal edilmiş müdafiə təyinatlı məmulatların satışı, təmiri və onlara texniki xidmət göstərilməsi;
164.1.19-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş təsdiqedici sənəd əsasında müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın idxalı və satışı;
164.1.20. Azərbaycan Respublikasının ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar;
164.1.21. texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyə məqsədi ilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar;
164.1.22. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda və qaydada fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar;
164.1.23. ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar gətirilən avadanlıq və materiallar (müvafiq icra hakimiyyəti orqanı tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə);
164.1.24. xüsusi iqtisadi zonaya idxal edilən mallar (aksizli mallar istisna olmaqla);
164.1.25. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı;
164.1.26. investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə;
164.1.27. buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 10 il müddətinə;
164.1.28. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı - 2016-cı il mayın 1-dən 10 il müddətinə;
164.1.29. damazlıq heyvanların idxalı və satışı;
164.1.30. toxum və tinglərin idxalı və satışı;
164.1.31. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən mineral gübrələrin, pestisidlərin idxalı və satışı;
164.1.32. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı; *
164.1.33. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı; *
164.1.34. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı;
164.1.34-1. kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun keçməməsişərtilə kənd təsərrüfatı istehsalçılarına lizinqə (icarəyə) verilməsi;
164.1.34-2. kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi;
164.1.35. siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan xammalın və materialların idxalı;
164.1.36. ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi – 2017-ci il yanvarın 1-dən 14 il müddətinə;
164.1.37. heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 7 il müddətinə;
164.1.38. mülki aviasiya məqsədləri üçün idxal edilən hava gəmiləri, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları;
164.1.39. sürücü daxil olmaqla 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla işləyən avtobusların idxalı – 2020-ci il yanvarın 1-dən 5 il müddətinə;
164.1.40. KOB klaster şirkəti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə;
164.1.41. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənədə əsasən sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobusların idxalı və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqla satışı – 2026-cı il yanvarın 1-dən 1 il müddətinə;
164.1.41-1. istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 4 il müddətinə;
164.1.41-2. elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 5 il müddətinə;
164.1.41-3. Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı – 2023-cü il mayın 1-dən 10 il müddətinə;
164.1.41-4. Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların və yük avtomobillərinin satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların və yük avtomobillərinin ehtiyat hissələrinin idxalı – avtobuslara münasibətdə 2025-ci il yanvarın 1-dən 8 il müddətinə, yük avtomobillərinə münasibətdə 2026-cı il yanvarın 1-dən 7 il müddətinə;
164.1.42. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili ilə əlaqədar işçi qüvvəsinin təqdim edilməsi üzrə əməliyyatlar;
164.1.43. kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 8 il müddətinə.
164.1.44. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA, onun yaratdığı qeyri-rezident hüquqi şəxslər və qeyri-rezident futbol klubları (assosiasiyaları) tərəfindən həmin oyunla bağlı malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı; (2019-cu il martın 1-dən 2021-ci il avqustun 1-dək qüvvədədir.)
164.1.45. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2020 Futbol çempionatı ilə əlaqədar UEFA, onu təmsil edən, habelə onun yaratdığı və tərəfindən səlahiyyətləndirilmiş hüquqi şəxslər tərəfindən çempionatla bağlı malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı. (2019-cu il martın 1-dən 2021-ci il avqustun 1-dək qüvvədədir.)
164.1.46. heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən yem məhsullarının və yem əlavələrinin satışı üzrə dövriyyələr – 2020-ci il yanvarın 1-dən 7 il müddətinə;
164.1.47. bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələr;
164.1.48. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi – 2020-ci il yanvarın 1-dən 7 il müddətinə;
164.1.49. Azərbaycan Respublikasında keçirilən Formula 1 və Formula 2 yarışları ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında mal, iş və xidmətin təqdim edilməsi – 2018-ci il yanvarın 1-dən 9 il müddətinə;
164.1.49-1. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) bağlanılmış müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında malların idxalı – 2024-cü il martın 1-dən 9 ay müddətinə;
164.1.50. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslərin mülki aviasiya fəaliyyəti çərçivəsində hava gəmilərinin və hava gəmilərinin mühərriklərinin rezident hüquqi şəxslərə icarəyə və ya lizinqə verilməsi;
164.1.51. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondların vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi – 2024-cü il yanvarın 1-dən 3 il müddətinə;
164.1.51-1. tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi -2024-cü il yanvarın 1-dən 3 il müddətinə;
164.1.52. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalı – 2021-ci il yanvarın 1-dən 8 il müddətinə;
164.1.53. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı – 2021-ci il yanvarın 1-dən 2 il müddətinə;
164.1.54. qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı – 2021-ci il yanvarın 1-dən 6 il müddətinə;
164.1.55. külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı;
164.1.56. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər təhlükəli ərazilərin minalardan və digər partlayıcı sursatlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin , onların yaradılması və (və ya) istehsalı üçün texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın, habelə minaaxtaran itlərin idxalı – 2023-cü il martın 1-dən 5 il müddətinə;
164.1.56-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər təhlükəli ərazilərin minalardan və digər partlayıcı sursatlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin istehsalı və satışı – 2023-cü il martın 1-dən 5 il müddətinə;
164.1.57. lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə xidmətlərin göstərilməsi;
164.1.58. özəl baytarlıq xidmətlərinin göstərilməsi;
164.1.59. vəkillər və vəkil qurumları tərəfindən order markasının əldə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına edilən ödənişlər; (vəkillər və vəkil qurumları tərəfindən order markasının əldə edilməsi ilə bağlı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minir)
164.1.60. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş əsas vəsaitlərin idxalı;
164.1.61. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yenidən qurulması layihəsi çərçivəsində avadanlıqların və ehtiyat hissələrinin idxalı – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə;
164.1.62. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi təsdiqedici sənəd əsasında svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalı -2024-cü il yanvarın 1-dən 3 il müddətinə;
164.1.63. aşağıda göstərilən hallarda və müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında malların idxalı:
164.1.63.1. dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş və ya layihə şirkəti olan şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində müəyyən olunan müddətdə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq;
164.1.63.2. dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətdə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq;
164.1.63.3. dövlət-özəl tərəfdaşlığı müqaviləsində vergi güzəştlərindən istifadə etmək hüququ nəzərdə tutulan və belə müqavilə üzrə özəl tərəfdaşın və ya layihə şirkətinin tikinti işlərinə cəlb etdiyi podratçısı tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı (idxal edilən mallar həmin layihənin dəyərinə aid edildiyi təqdirdə) - dövlət-özəl tərəfdaşlığı müqaviləsində tikinti işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan müddətdə.
164.2. Müvafiq icra hakimiyyəti orqanı konkret sahənin inkişafını təmin etməklə konkret dövr üçün nəzərdə tutulan, istehsal ehtiyaclarını yerli xammal hesabına ödəmək mümkün olmadıqda, istehsal təyinatlı xammal və müasir texnologiyanı təmin edən avadanlıqların idxalını ƏDV-dən azad edə bilər.
Qeyd: Bu Məcəllənin 164.1.37-ci maddəsinin müddəaları kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan heyvan və quş ətləri istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinə münasibətdə tətbiq edilmir.