Maddə 149.

Bəyannamənin verilməsi

 
149.1. Aşağıdakı vergi ödəyiciləri bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər:
149.1.1. rezident müəssisələr;
149.1.2. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentlər;
149.1.3. vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər;
149.1.3-1. bu Məcəllənin 149.1.3-cü maddəsində göstərilən qeyri-rezident şəxsin təyin etdiyi vergi agenti;
149.1.4. xüsusi notariuslar, xüsusi icra məmurları, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər;
149.1.5. sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları.
149.2. Bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar və xüsusi icra məmurları istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. Xüsusi icra məmurları “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xüsusi icra məmurunun fəaliyyətinə görə onlara ödənilən standart və əlavə icra haqlarına münasibətdə hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verməlidirlər.
149.3. Vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Vergi ilində fəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisi həmin vergi ilində fəaliyyətini təkrar bərpa edərsə bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına dəqiqləşdirilmiş bəyannamə təqdim etməlidir.
149.4. Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edildikdə, ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) və ya vergi ödəyicisi bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanına məlumat verməlidir. Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.
149.4-1. Mənfəət (gəlir) vergisi ödəyicisi olmayan vergi ödəyicisinin ƏDV qeydiyyatı bu Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyat bildirişinin verildiyi tarixdən etibarən 90 gün müddətində bəyannaməni vergi orqanına təqdim etməyə borcludur.
149.5. Bəyannamə verməli olmayan fiziki şəxs verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər.
149.6. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan, bu Məcəllənin 125.1.3-cü, 125.1.4-cü, 125.1.5-ci və ya 125.1.7-ci maddələrinə müvafiq qaydada ödəmə mənbəyində vergi tutulan gəlir əldə edən qeyri-rezident vergi ödəyicisi və ya onun təyin etdiyi vergi agenti bu cür gəlir haqqında bəyannamə verməklə tutulmuş verginin qaytarılması tələbini irəli sürə bilər. Bu cür bəyannamə bu Məcəllənin 149.2-ci maddəsinin birinci cümləsində müəyyən edilən müddətlərdə verilməlidir. Belə vergi ödəyicisindən Azərbaycan Respublikasında vergi ödəyicisinin daimi nümayəndəliyinin gəliri kimi bu Məcəllənin 105.1-ci maddəsində müəyyən edilən dərəcə ilə vergi tutulur, vergi ödəyicisinin gəlir əldə edilməsi ilə bağlı olan xərci isə daimi nümayəndəliyin xərcində olduğu kimi gəlirdən çıxılmalıdır, bu şərtlə ki, vergi bu Məcəllənin 125-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində tutulan verginin məbləğindən artıq olmasın.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.