Maddə 13.
Bu Məcəllədə istifadə edilən əsas anlayışlar
13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.
13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:
13.2.1. Şəxs - istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi.
13.2.2. Hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar.
13.2.3. Fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxs.
13.2.4. Vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs.
13.2.5. Rezident:
13.2.5.1. aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs:
təqvim ilində başa çatan hər hansı ardıcıl olan 12 aylıq dövr ərzində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan;
təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;.
bu Məcəllənin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır:
daimi yaşayış yeri;
həyati mənafelərinin mərkəzi;
adətən yaşadığı yer;
Azərbaycan Respublikasının vətəndaşlığı;
13.2.5.2. Fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun;
13.2.5.3. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilən və sahibkarlıq fəaliyyətini həyata keçirən və ya Azərbaycan Respublikasında idarəetmə yeri olan istənilən hüquqi şəxs. Bu maddədə hüquqi şəxsin idarəetmə yeri dedikdə, əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, idarəetmənin həyata keçirilməsi üçün zəruri olan kommersiya qərarlarının qəbul olunduğu və gündəlik praktiki idarəetmənin həyata keçirildiyi əsas fəaliyyət yeri nəzərdə tutulur.
13.2.6. Qeyri-rezident:
13.2.6.1. Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri;
13.2.6.2. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri;
13.2.6.3. məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs;
13.2.6.4. Bu Məcəllənin 13.2.6.1-ci və 13.2.6.2-ci maddələri Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti göstərən şəxslərə aid edilmir;
13.2.6.5. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri;
13.2.6.6. rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər.
13.2.7. Vergi ödəyicisinin ailə üzvləri:
13.2.7.1. ər-arvadlar;
13.2.7.2. valideynlər, övladlar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, babalar, nənələr və nəvələr;
13.2.7.3. vərəsələr;
13.2.7.4. doğma (ögey) bacılar (qardaşlar);
13.2.7.5. bacı və qardaş övladları;
13.2.7.6. ər-arvadların bacıları, qardaşları və valideynləri;
13.2.7.7. bacıların ərləri və qardaşların arvadları;
13.2.7.8. valideynlərin bacıları (qardaşları);
13.2.7.9. qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda.
13.2.8. Mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su.
Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır.
13.2.9. Qeyri-maddi aktivlər - intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, virtual aktivlər, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar.
13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir.
13.2.11. Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət.
ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət, habelə torpaqdan istifadə hüququnun başqasına verilməsi, torpağın icarəyə verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur.
Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir.
13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.
Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri.
13.2.13. Vergi ödəyicisinin, alıcının, sifarişçinin və ya hər hansı şəxsin adı - hüquqi şəxsin dövlət qeyydiyatına alınmış adı, fiziki şəxsin adı, atasının adı və soyadı.
13.2.14. Maliyyə xidmətləri:
13.2.14.1. kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi;
13.2.14.2. müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və ödəniş alətləri ilə bağlı əməliyyatlar;
13.2.14.3. qanuni ödəniş vasitələri olan valyutanın, pul vəsaitlərinin və əskinasların (numizmatika əşyalarından başqa) tədavülü ilə bağlı əməliyyatlar;
13.2.14.4. səhmlərin, istiqrazların, veksellərin və digər qiymətli kağızların, habelə çeklərin tədavülü ilə bağlı əməliyyatlar. İnkassasiya xidmətləri və ya banknotların, sənədli qiymətli kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir;
13.2.14.5. törəmə maliyyə alətləri ilə əqdlərə və analoji sazişlərə aid əməliyyatlar;
13.2.14.6. investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər;
13.2.14.7. sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri.
13.2.15. Dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş.
Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.
13.2.16. Azərbaycan mənbəyindən gəlir:
13.2.16.1. Azərbaycan Respublikasında muzdlu işdən gəlir;
13.2.16.2. Azərbaycan Respublikasında istehsal edilmiş malların istehsalçı tərəfindən təqdim edilməsindən gəlir;
13.2.16.3. Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir;
13.2.16.4. Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyə aid edilən sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, o cümlədən belə daimi nümayəndəlik vasitəsilə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) aid edilə bilən eyni cinsli, yaxud bənzər (oxşar) malların (işlərin, xidmətlərin) təqdim edilməsindən, habelə daimi nümayəndəlik vasitəsilə həyata keçirilən fəaliyyətə aid edilə bilən fəaliyyətdən və ya ona oxşar fəaliyyətdən əldə edilmiş gəlir;
13.2.16.5. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar:
vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən;
bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilmiş əsas vəsaitlərin təqdim edilməsindən;
xərclərin bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq kompensasiya edilməsindən və ya ehtiyatların azalmasından gəlir;
13.2.16.6. rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir, həmçinin bu hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir;
13.2.16.7. rezidentlərdən alınan faizlər şəklində gəlir;
13.2.16.8. rezident tərəfindən ödənilən pensiya;
13.2.16.9. Azərbaycan Respublikasının ərazisində daimi nümayəndəliyi və ya əmlakı olan şəxsdən alınan faizlər şəklində gəlir - həmin şəxsin bu faizlər üzrə borcu bu cür daimi nümayəndəlik və ya əmlakla bağlıdırsa;
13.2.16.10. Azərbaycan Respublikasında saxlanılan və ya istifadə edilən əmlak üçün alınan royalti şəklində gəlir, yaxud bu Məcəllənin 13.2.23-cü maddəsində göstərilən və Azərbaycan Respublikasında saxlanılan və ya istifadə edilən əmlakın təqdim edilməsindən gəlir;
13.2.16.11. Azərbaycan Respublikasında istifadə edilən daşınan əmlakın icarəyə verilməsindən əldə edilən gəlir;
13.2.16.12. Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan əldə edilən gəlir, o cümlədən bu əmlakda iştirak payının təqdim edilməsindən gəlir;
13.2.16.13. aktivlərinin 50 faizindən çox olan hissəsi birbaşa və ya dolayısı ilə Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan ibarət olan müəssisənin səhmlərinin və ya iştirak payının təqdim edilməsindən gəlir;
13.2.16.14. rezidentin sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan əmlak təqdim edilməsindən əldə etdiyi digər gəlirlər;
13.2.16.14-1. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank və digər ödəniş hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər.
13.2.16.14-2. Aşağıdakı hallarda güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlər bu Məcəllənin 13.2.16.14-1-ci maddəsinin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir:
1. alınmış borclar üzrə borcun əsas məbləği qaytarıldıqda (faizlər istisna olmaqla);
2. rezident banklar tərəfindən açılan müxbir hesablara ödənişlər aparıldıqda;
3. bu Məcəllənin 13.2.16.14-1-ci maddəsinə uyğun olaraq ödənilən vəsaitlər ödəniş tarixindən hesaba qaytarıldığı gün daxil olmaqla 1 il müddətində güzəştli vergi tutulan ölkədəki hesabdan ödəyən şəxsin bank və digər ödəniş hesabına qaytarıldıqda;
4. vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən elektron ticarət qaydasında xidmətlər alındıqda;
5. vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə;
6. borc qiymətli kağızlarının əldə edilməsi ilə bağlı ödənişlər edildikdə;
7. Azərbaycan Respublikasına qoyulmuş investisiyalar və Azərbaycan Respublikasındakı maliyyə institutlarına yerləşdirilmiş depozitlər üzrə faiz və dividend gəlirləri ödənildikdə;
8. güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin rezidentlərinin əməkhaqqı və pensiyaları ödənildikdə;
9. səlahiyyətli dövlət orqanlarına rüsumlar və digər ödənişlər ödənildikdə, icazələrin və sertifikatların alınması ilə bağlı ödənişlər edildikdə.
10. qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəəti həmin qeyri-rezidentə köçürüldükdə (verildikdə).
13.2.16.15. idarəetmə, maliyyə xidmətləri göstərilməsindən əldə edilən gəlir - bu gəlir rezident hüquqi şəxsin və ya qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisində yerləşən daimi nümayəndəliyi tərəfindən ödənilirsə, yaxud o, həmin müəssisə və ya onun daimi nümayəndəliyi ilə bağlanmış müqaviləyə əsasən əldə edilmişdirsə;
13.2.16.16. Azərbaycan Respublikasında riskin sığortası və ya təkrar sığortası haqqında müqavilə üzrə ödənilən gəlir;
13.2.16.17. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya daşınmalar həyata keçirilərkən telekommunikasiya və ya nəqliyyat xidmətlərindən gəlir;
13.2.16.17-1. mədəniyyət, incəsənət, teatr, kino, radio, televiziya, musiqi, rəssamlıq, idman, mühəndislik, memarlıq, arxitektura və elm sahələri üzrə Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı edilən ödənişlər.
13.2.16.18. Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan və bu Məcəllənin əvvəlki maddələrində əhatə edilməyən digər gəlirlər. Bu maddəyə uyğun olaraq gəlirin mənbəyi müəyyən edilərkən gəlirin ödənildiyi yer, həmçinin onun birbaşa və ya dolayısı ilə ödənilməsi nəzərə alınmır.
13.2.17. Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər.
13.2.18. Faizlər - borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) verilməsi üçün ödəmə.
13.2.19. Xalis mənfəət - mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət.
13.2.20. İştirakçı - səhmdar, payçı və ya müəssisənin mənfəətində digər iştirakçı.
13.2.21. Əmlak - hər hansı daşınan və ya daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləri.
13.2.22. Əmlakın qalıq dəyəri - müəssisənin balansında olan əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri.
13.2.23. Royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.
13.2.24. Nəzarət-kassa aparatı - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı aparılan pul hesablaşmaları barədə məlumatların toplanması, emal edilməsi, saxlanması və internet vasitəsilə ötürülməsi imkanına malik olan elektron avadanlıq və ya kompüter sistemləri.
13.2.25. Fyuçers - baza aktivinin müəyyənləşdirilmiş növdə və sayda əvvəlcədən razılaşdırılmış tarixə və qiymətə alqı-satqısı üzrə törəmə maliyyə alətidir.
13.2.26. Opsion - qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən şərtlərlə bu cür opsionun bağlanması anına və ya tərəflərin qərarına əsasən bu cür əldə etmənin anına satış qiymətlərinin təsbit edilməsi ilə əldə etməyə (satmağa) hüququ təsdiq edən sənəddir.
13.2.27. Qeyri-kommersiya fəaliyyəti - məqsədi gəlir götürmək olmayan və əldə etdiyi gəliri yalnız qeyri-kommersiya məqsədləri, o cümlədən öz nizamnamə məqsədləri üçün istifadə etməyi nəzərdə tutan qanunla qadağan edilməyən fəaliyyətin həyata keçirilməsidir, əks halda bu fəaliyyət kommersiya fəaliyyəti sayılır.
13.2.28. Çıxarılmışdır.
13.2.29. Malların ixracı - gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılması.
13.2.30. Malların təkrar ixracı - gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar ixrac malları sayılan malları idxal etmiş şəxsin həmin malları idxal edəndən sonra təqdim etmədən və idxal olunduğu andakı vəziyyətdə ixrac etməsi.
13.2.31. Malların idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi.
13.2.32. Malların təkrar idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar idxal malları sayılan malları təqdim etmədən və ixrac olunduğu andakı vəziyyətdə ixrac etmiş şəxsin həmin malları idxal etməsi.
13.2.33. Azərbaycan Respublikası ərazisindən tranzit - gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhəddindəki iki məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınma.
Beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır.
13.2.34. Muzdlu iş - əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs bu Məcəllənin məqsədləri üçün «işçi», bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs «işəgötürən», bu cür haqq isə «əmək haqqı» adlandırılır.
13.2.35. Xeyriyyəçilik fəaliyyəti - fiziki şəxs və (və ya) xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən və maddi və ya digər köməyə (yardıma) ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür kömək (yardım) göstərən təşkilatlara, o cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız kömək (yardım) göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud bu Məcəllədə digər hallar nəzərdə tutulmamışdırsa, ictimai mənafelər naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətdir. Aşağıdakı hallarda kömək (yardım) göstərilməsi xeyriyyəçilik fəaliyyəti sayılmır:
13.2.35.1. bu cür köməyi (yardımı) alan şəxs köməyi (yardımı) göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik (alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa) qəbul edirsə;
13.2.35.2. bu cür köməyi (yardımı) alan və köməyi (yardımı) göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa;
13.2.35.3. bu cür kömək (yardım) hər hansı fiziki və ya hüquqi şəxsə seçki kompaniyasında iştirak etmək üçün göstərilirsə.
13.2.36. Xeyriyyə təşkilatı - xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı.
13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.
13.2.38. Büdcə təşkilatı - büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır.
13.2.39. Müəssisə - bu Məcəllənin məqsədləri üçün müəssisələr-sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün yaradılan aşağıdakı qurumlar deməkdir:
13.2.39.1. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslər;
13.2.39.2. xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi təsisatlar və hüquqi şəxslər (korporasiyalar, şirkətlər, firmalar və digər analoji qurumlar), habelə onların filialları və ya daimi nümayəndəlikləri;
13.2.39.3. bu Məcəllənin 13.2.39.1-ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri.
13.2.40. ƏDV-nin depozit hesabı - ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır.
13.2.41. Kommersiya hüquqi şəxsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur.
13.2.41-1. Publik hüquqi şəxs – “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu cür müəyyən edilmiş qurumdur.
13.2.42. Qeyri-kommersiya hüquqi şəxsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur.
13.2.43. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunları - idman yarışlarının nəticələrinin və ya yarışlardakı hadisələrin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla oynanılan və iştirakçılar arasında doğru ehtimalı tapanlara əvvəlcədən bəyan edilən meyarlar əsasında pul mükafatı (uduş) qazandıran, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru tərəfindən keçirilən oyunlar;
13.2.44. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru - idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun 53-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs.
13.2.45. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının satıcısı - idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərən və mərc oyununun iştirakçıları ilə idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru arasındakı bütün əlaqələri mərkəzi mərc sisteminə bağlı olaraq təmin edən şəxs;
13.2.46. Üçüncü şəxs - vergi orqanı tərəfindən kameral və ya səyyar qaydada yoxlanılan, vergi ödəyicisinin fəaliyyətində malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bilavasitə əlaqəli olan rezident və ya qeyri-rezident şəxs;
13.2.47. Vergi riskləri - vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsi nəticəsində vergi ödəyicisinin maliyyə itkilərinə məruz qalmasının mümkünlüyü;
13.2.48. Vergi risklərinin minimallaşdırılması - vergi ödəyicisinin vergi hesablamalarının tam və ya qismən yerinə yetirməsinə mənfi təsirlərin azaldılması və ya aradan qaldırılması;
13.2.49. Vergi partnyorluğu sazişi - vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşması;
13.2.49-1. vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar – gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən bu Məcəllənin 77-1-ci maddəsində nəzərdə tutulan sənəd;
13.2.49-2. könüllü açıqlama – səyyar vergi yoxlaması və ya üfüqi monitorinq başa çatdıqdan sonra yoxlama (monitorinq) zamanı aşkar edilməyən və vergi öhdəliyinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi, habelə səyyar vergi yoxlamasının keçirilməsindən asılı olmayaraq həmin halların bu Məcəllənin 85.5-ci maddəsində göstərilən 3 illik müddətdən əvvəlki dövrlər üzrə könüllü olaraq bəyan edilməsi;
13.2.50. İri vergi ödəyicisi - bu Məcəllənin məqsədləri üçün aşağıdakı meyarlardan ən azı birinə uyğun olan vergi ödəyicisi (büdcə təşkilatları istisna olmaqla):
13.2.50.1. əvvəlki 3 ilin hər birində mülkiyyətində olan əsas vəsaitlərinin ilin sonuna qalıq dəyəri 2.500.000 manatdan və əvvəlki 3 il üzrə orta illik dövriyyəsi (ƏDV-siz) 1.250.000 manatdan çox olduqda;
13.2.50.2. son 3 vergi ili ərzində bu Məcəllə ilə müəyyən edilmiş bütün vergi və vergi olmayan digər ödənişlərin hesablanmış məbləği hər il üçün 500.000 manatdan çox olduqda;
13.2.50.3. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təbii inhisarçılara və ya bazarda hökmran mövqe tutan subyektlərə aid olunan vergi ödəyiciləri, o cümlədən onların Azərbaycan Respublikasının rezidenti olan törəmə təsərrüfat cəmiyyətləri.
13.2.51. Xüsusi vergi rejimli müəssisə - qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında və xüsusi iqtisadi zonalar haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən, vergitutma və vergi nəzarəti məsələlərində müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsi xüsusi qaydalarla müəyyən edilən vergi ödəyiciləri, habelə xarici ölkələrin Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik və analoji nümayəndəlikləri, konsulluq idarələri və digər rəsmi nümayəndəlikləri;
13.2.52. Sənaye parkının rezidenti – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sənaye parkının rezidentinin qeydiyyat şəhadətnaməsini almış və sənaye parkında fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs;
13.2.53. Texnologiyalar parkının rezidenti – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və texnologiyalar parkında və ya texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs;
13.2.54. bina – insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti;
13.2.55. ticarət fəaliyyəti – istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi istisna olmaqla, malların təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti;
13.2.56. ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti;
13.2.57. tikinti-quraşdırma işlərinə başlama anı – tikintisinə icazə verilmiş tikinti obyektinin layihəsində, habelə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulan tələblərə riayət edilmiş barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma bölməsində nəzərdə tutulmuş tikinti obyektinin inşası üzrə bilavasitə tikinti-quraşdırma işlərinə başlama anı;
13.2.58. investisiya təşviqi sənədi - investisiya fəaliyyətini həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq verilən, bu Məcəllənin 102.1.23-cü, 106.1.17-ci, 164.1.26-cı, 199.11-ci və 207.5-ci maddələrində (bu Məcəllənin 67-2-ci maddəsi nəzərə alınmaqla) və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş güzəştlərin əldə edilməsinə əsas verən sənəddir;
13.2.59. Maliyyə bazarlarına nəzarət orqanı – maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum;
13.2.60. kənd təsərrüfatı məhsullarının istehsalı – sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi. Bu maddənin və bu Məcəllənin 13.2.61-ci maddəsinin müddəaları balıqçılığa (balıq kürüsünün istehsalı istisna olmaqla) da şamil edilir. Emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisna olmaqla, balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları bu Məcəllənin məqsədləri üçün kənd təsərrüfatı məhsullarına bərabər tutulur;
13.2.61. kənd təsərrüfatı məhsullarının satışı – bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi:
13.2.61.1. istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir;
13.2.61.2. bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir;
13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;
13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;
13.2.64. ticarət əlavəsi – malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərq;
13.2.65. transfer qiyməti – bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında aparılan əməliyyatlar zamanı müəyyən edilən və müstəqil şəxslər arasında eyni şərtlər daxilində həyata keçirilən müqayisə edilə bilən əməliyyatlarda təsbit olunan qiymətlərə uyğun olmalı qiymət;
13.2.66. maliyyə institutu – bu Məcəllənin məqsədləri üçün aşağıdakı fəaliyyətlərdən ən azı birini həyata keçirən vergi ödəyicisi:
13.2.66.1. bank fəaliyyəti;
13.2.66.2. həyatın yığım sığortası və (və ya) annuitet sığortası fəaliyyəti;
13.2.66.3. depozitar fəaliyyəti – bu Məcəllənin məqsədlərinə uyğun olaraq, depozitar dedikdə, fəaliyyətinin əhəmiyyətli hissəsini digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılmasını təşkil edən hüquqi şəxs nəzərdə tutulur. Müəssisənin aşağıdakı müddətlərdən daha az olan müddət ərzində digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılması və əlaqədar maliyyə xidmətlərinin göstərilməsi fəaliyyətindən əldə etdiyi mənfəət onun ümumi fəaliyyəti üzrə əldə etdiyi mənfəətin ən azı 20%-ni təşkil edirsə, maliyyə aktivlərinin saxlanılması təşkilatın fəaliyyətinin əhəmiyyətli hissəsini təşkil etmiş hesab olunur:
13.2.66.3.1. maliyyə institutunun depozitar kimi təsbit edildiyi ildən əvvəlki ilin 31 dekabrında (və ya təqvim ili olmayan hesabat dövrünün son günündə) başa çatan üç illik müddət;
13.2.66.3.2. müəssisənin fəaliyyət göstərdiyi müddət;
13.2.66.4. qiymətli kağızların (veksellər, depozitar qəbzi və sair), törəmə maliyyə alətlərinin, xarici valyutaların məzənnə, faiz dərəcəsi və indeks alətləri, qiymətli kağızlarla ticarət və ya əmtəə üzrə fyuçerslərin müştəri üçün və ya müştərinin adından aparılan ticarət fəaliyyəti;
13.2.66.5. investorların portfellərinin idarə edilməsi fəaliyyəti;
13.2.66.6. bu Məcəllənin 13.2.66.1 – 13.2.66.5-ci maddələrində qeyd olunmuş fəaliyyətlərdən hər hansı biri ilə məşğul olan şəxs tərəfindən idarə olunan hüquqi şəxsin həyata keçirdiyi fəaliyyət;
13.2.67. maliyyə institutlarında vergi monitorinqi – maliyyə institutları tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsi işinə nəzarət tədbirləri;
13.2.68. elektron audit – vergi ödəyicisinin elektron formatda saxlanılan maliyyə (mühasibat) məlumatlarına xüsusi proqram təminatı vasitəsilə birbaşa və ya məsafədən çıxış imkanı yaradılmaqla aparılan vergi yoxlaması;
13.2.69. vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma;
13.2.70. vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat;
13.2.71. vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi – vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri;
13.2.72. elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində, habelə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.1-1.3-cü maddəsində nəzərdə tutulan vergi ödəyicilərinə münasibətdə) ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə;
13.2.73. iqtisadi maraqlar mərkəzi – vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yer;
13.2.74. kapital – aktivlərdən bütün öhdəliklər çıxıldıqdan sonra vergi ödəyicisinin xalis aktivlərinin dəyəri;
13.2.75. məcburi nişanlama – bu Məcəllənin 50-2.1-ci maddəsində nəzərdə tutulan qaydalarda müəyyən olunmuş malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq olunan məcburi nişanlama kodu və digər qoruyucu elementlər;
13.2.76. aksiz markası – aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara kağız daşıyıcıda yapışdırılan nəzarət markası;
13.2.77. innovasiya fəaliyyəti – iqtisadi və ya sosial səmərə əldə etmək məqsədi ilə elmi-tədqiqat və təcrübə-konstruktor işləri və onların nəticələrinin tətbiqi əsasında yeni və ya təkmilləşdirilmiş mal (iş, xidmət), texnoloji proses yaradılmasına və yerinə yetirilməsinə istiqamətlənmiş fəaliyyət;
13.2.78. KOB klaster şirkəti – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) KOB klaster şirkətinin şəhadətnaməsi verdiyi hüquqi şəxs;
13.2.79. KOB klasterinin iştirakçısı – KOB klasterində fəaliyyət göstərmək üçün KOB klaster şirkəti ilə müqavilə bağlamış, mikro, kiçik və orta sahibkarlıq subyekti olan və mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən KOB klasterinin iştirakçısı şəhadətnaməsi verilmiş hüquqi və ya fiziki şəxs;
13.2.80. startap – innovativ təşəbbüsə əsaslanaraq həyata keçirilən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Startap” şəhadətnaməsi verilmiş şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti;
13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən uydurma və (və ya) yalan əqd çərçivəsində aparılan əməliyyatlar;
13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
13.2.83. transmilli şirkətlər qrupu – müxtəlif ölkələrdə rezident olan iki və ya daha çox müəssisənin daxil olduğu və ya bir ölkədə rezident olan və başqa ölkədə daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən müəssisənin daxil olduğu şirkətlər qrupu. Transmilli şirkətlər qrupuna daxil olan müəssisə dedikdə həmin müəssisə, həmin müəssisənin törəmə və asılı müəssisələri, habelə filial və nümayəndəlikləri nəzərdə tutulur;
13.2.84. malların ixrac qeydi ilə satışı – malların ixrac edilməsi məqsədilə istehsalçılar tərəfindən ixracatçılara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada satışı;
13.2.85. nəzarət olunan xarici müəssisə - bu Məcəllənin 14-2.1-ci maddəsinin tələblərinə uyğun olan və vergitutma məqsədləri üçün qeyri-rezident müəssisə.