Maddə 122.

Ödəmə mənbəyində dividenddən vergi tutulması

 
122.1. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulur.
122.2. Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.
Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.
122.3. Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlər üzrə mənfəətin bölüşdürülməsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin tam mülkiyyətində olan törəmə müəssisələrin xalis mənfəətinin həmin hüquqi şəxsin mərkəzləşdirilmiş fondunda cəmləşdirilməsi üzrə köçürmələr və bu şəxsin həmin gəliri vergiyə cəlb olunmur.
122.4. Cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1-ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur.
122.5. Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividenddən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə ödəmə mənbəyində vergi tutulmur.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.