Maddə 121.

Zərərin keçirilməsi

 
121.1. Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.
121.2. Fiziki şəxsin - sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirindən çıxılmasına yol verilən xərclərinin belə ümumi gəlirdən artıq olan hissəsi digər gəlirlərdən çıxıla bilməz, lakin gələcək dövrlərdə sahibkarlıq fəaliyyətindən ümumi gəlir hesabına kompensasiya edilməsi üçün üç ilədək davam edən sonrakı dövrə keçirilə bilər.
121.3. Bu Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə bu Məcəllənin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti illərin gəlirləri hesabına kompensasiya edilmir.
Vergi ödəyicisinin mənfəət (gəlir) vergisi üzrə güzəşt hüququ olduğu dövrdə amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan məbləğlər güzəşt hüququ başa çatdıqdan sonrakı illərin gəlirdən çıxılan məbləğlərinə əlavə edilmir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.