Maddə 115.

Təmirlə bağlı xərclərin gəlirdən çıxılması

 
115.1. Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna balans üzrə qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci, 114.3.2-1-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin (yük avtomobilləri istisna olmaqla) kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, yük avtomobillərinin ilin sonuna qalıq dəyərinin 8 faizi, 114.3.7-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır.
Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır.
115.2. Bu Məcəllənin 115.1-ci maddəsində müəyyən edilən məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir.
Amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər (torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər istisna olmaqla) gəlirdən çıxılmır və onların balans dəyərini artırır.
Torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər kapitallaşdırılaraq bu Məcəllənin 114.3.1-ci və 114.3-1.1-ci maddələrinə uyğun olaraq amortizasiya olunur.
115.3. İcarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması bu Məcəllənin 115.4 - 115.6-1-ci maddələrinə uyğun olaraq müəyyən edilir.
115.4. icarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin bu Məcəllənin 115.1-ci maddəsi ilə müəyyən edilən faiz həddi ilə məhdudlaşdırılır.
115.5. Əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır.
115.6. İcarəyə götürülmüş əsas vəsaitlər icarəçinin balansında uçota alınmadıqda və ya təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə bu Məcəllənin 115.4-cü maddəsinin müddəaları icarəçiyə tətbiq edilmir.
115.6-1. İcarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər bağlanmış müqavilə müddəti ərzində, lakin 5 ildən az olmayaraq, illər üzrə mütənasib məbləğlərdə amortizasiya olunmaqla gəlirdən çıxılır. İcarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilən xərclər hər il üzrə ayrıca olaraq kapitallaşdırılır və bu maddə ilə müəyyən edilmiş qaydada amortizasiya olunur.
115.7. Əsas vəsaitlərin hər bir kateqoriyasının ilin sonuna qalıq dəyəri sıfıra bərabər olduqda, təmir xərclərinin faktiki məbləği müvafiq kateqoriyaya aid əsas vəsaitlərin qalıq dəyərinə aid edilir və bu Məcəllənin müddəalarına uyğun olaraq amortizasiya hesablanır.
115.8. Bu Məcəllənin müddəaları yalnız təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan etmir.
115.9. Bu Məcəllənin 38-1-ci maddəsinə uyğun olaraq üfüqi monitorinqə qəbul olunmuş vergi ödəyiciləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılan əsaslı təmir xərcləri və bu Məcəllənin 115.1-ci maddəsində müəyyən edilən məhdudlaşdırmadan artıq olan cari təmir xərcləri üzrə məbləğlər cari vergi ilinin sonuna əsas vəsaitlərin qalıq dəyərinin artmasına aid edilir. Həmin vergi ödəyiciləri tərəfindən norma daxilində çəkilmiş cari təmir xərcləri bu Məcəllənin 115.1-115.8-ci maddələrinin tələblərinə uyğun olaraq gəlirdən çıxılır.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.