Maddə 110.

Gəlirdən faizlər üzrə çıxılan məbləğlərin məhdudlaşdırılması

 
110.1. Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.
110.2. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslərdən alınmış borclar üzrə əməliyyatlara bu Məcəllənin 14-1-ci maddəsinin müddəaları tətbiq edilir.
110.3. Bu maddənin digər müddəalarından asılı olmayaraq, xaricdən alınan borclar (xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclar istisna olmaqla) vergi ödəyicisinin xalis aktivlərindən (kapitalından) iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən (kapitaldan) iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir. Bu maddənin müddəaları rezident banklara və kredit təşkilatlarına aid edilmir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.