Maddə 102.
Gəlir vergisindən azadolmalar və güzəştlər
102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:
102.1.1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına, habelə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci və 13.16-cı maddələrində nəzərdə tutulan şəxslərə həmin Qanunun 12.5-ci və 13-cü maddələrinə uyğun olaraq ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə dövlət məvacibi istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq ödənilən bütün növ ödənişlər, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən və Azərbaycan Respublikasının vətəndaşı olmayan işçinin əməkhaqqı.
102.1.2. Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən gəlir - əgər bu gəlir Azərbaycan Respublikasının rezidenti olmayan işə götürən tərəfindən, yaxud onun adından ödənilirsə və qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən və ya onun adından, yaxud daimi nümayəndəlikdə fəaliyyəti ilə əlaqədar ödənilmirsə;
102.1.3. təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar:
102.1.3.1. hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2500 manatadək olan hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsi;
Ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50000 manatadək olan hissəsi;
Təhsil və ya müalicə (o cümlədən cərrahiyyə əməliyyatı üçün) haqlarını ödəmək üçün maddi yardım, birdəfəlik müavinət almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.
102.1.3.2. hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri;
102.1.3.3. şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın 20000 manatadək olan hissəsi;
102.1.3.4. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20000 manatadək olan hissəsi.
Maddi yardım almış mülki şəxslərə bu güzəşt o halda verilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən şəxsin hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edildiyini təsdiq edən arayış təqdim edilmiş olsun.
102.1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar;
102.1.5. alimentlər;
102.1.6. Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi;
102.1.7. qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir;
102.1.8 Sığorta hadisəsi baş verdikdə sığorta olunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə qeyri-dövlət sektoruna aid edilən işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər;
102.1.9. vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən gəlir;
102.1.10. dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri;
102.1.11. bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından (o cümlədən sənaye üsulu ilə) alınan gəlirlər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar;
102.1.11-1. kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin bu sahə üzrə dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 4 il müddətinə;
102.1.12. sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəliri;
102.1.13. müvafiq qaydada maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan keçmiş lotereyalardan, habelə dövlət daxili uduşlu istiqrazlardan əldə olunan uduşların dəyəri;
102.1.14. Fiziki şəxslərə kompensasiya xarakterli aşağıdakı ödəmələr:
102.1.14.1. iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin qanunvericiliklə nəzərdə tutulan məbləği;
102.1.14.2. müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri;
102.1.14.3. Çıxarılmışdır.
102.1.14.4. ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri;
102.1.14.5. əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri;
102.1.14.6. istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri;
102.1.14.7. Çıxarılmışdır.
102.1.14.8. təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar;
102.1.14.9. verdikləri qana görə donorlara ödənilən kompensasiya məbləğləri;
102.1.14.10. dalğıc işləri üçün pul mükafatı;
102.1.14.11. Çıxarılmışdır.
102.1.14.12. Çıxarılmışdır.
102.1.14.13. ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar;
102.1.14.14. Çıxarılmışdır.
102.1.14.15. hərbi qulluqçulara, hakimlərə, prokurorluq orqanlarının prokurorluq işçilərinə və prokurorluq işçiləri olmayan hərbi qulluqçularına, hüquq mühafizə və feldyeger rabitəsi orqanlarının (o cümlədən hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən vergi orqanının) xüsusi rütbəsi olan əməkdaşlarına ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla), habelə əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar;
102.1.14.16. bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə ödənilən əlavə məbləğ;
102.1.14.16. işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulan məbləği;
102.1.14.18. Çıxarılmışdır
102.1.14.19. Çıxarılmışdır
102.1.14.20. Çıxarılmışdır
102.1.14.21. Çıxarılmışdır
102.1.14.22. Çıxarılmışdır
102.1.14.23. Çıxarılmışdır
102.1.14.24. Çıxarılmışdır
102.1.14.25. Çıxarılmışdır
102.1.14.26. Çıxarılmışdır
102.1.14.27. Çıxarılmışdır
102.1.14.28. Çıxarılmışdır
102.1.14.29. Çıxarılmışdır
102.1.14.30. Çıxarılmışdır
102.1.14.31. Çıxarılmışdır
102.1.14.32. Çıxarılmışdır.
102.1.14.33. dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məbləği.
102.1.15. yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri. Beynəlxalq yarışlarda (idman yarışları istisna olmaqla) və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, regional, şəhər və rayon yarışlarında (idman yarışları istisna olmaqla) və müsabiqələrində isə 200 manatadək;
Beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları və respublika idman federasiyaları (assosiasiyaları) tərəfindən verilən mükafatların tam dəyəri, habelə ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəli) idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyəri 50000 manatadək.
102.1.16. Dövlət qulluqçusu pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq.
102.1.17. Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə vəzifəyə təyin olunan Azərbaycan Respublikasının icra hakimiyyəti və digər dövlət orqanlarının (təsisatlarının), Azərbaycan Respublikasının Mərkəzi Bankının və dövlətin adından yaradılan publik hüquqi şəxslərin rəhbər işçilərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün verilən vəzifə maaşlarına aylıq əlavə pul təminatı.
102.1.18. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki şəxslərə ödənilən kompensasiya;
102.1.19. "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununun 53-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarından əldə edilən uduşlar.
102.1.20. Azərbaycan Respublikasının keçmiş Prezidentinə və onun ailə üzvlərinə ödənilən pensiya, müavinət və digər ödənişlərin məbləği.
102.1.21. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqqından tutulan gəlir vergisi istisna olmaqla) - qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə. Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirlərə münasibətdə də tətbiq edilir;
102.1.21-1. texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividend – texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə;
102.1.22. 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri.
102.1.22-1. Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri;
102.1.22-2. 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri.
102.1.22-3. yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi;
102.1.22-4. yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi –3 il müddətinə;
102.1.23. investisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin 50 faizi - 7 il müddətinə;
102.1.24. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.
Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır;
102.1.25. qanuna uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir;
102.1.25-1. Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir;
102.1.26. lotereya təşkilatçısı tərəfindən keçirilən lotereyalardan və idman mərc oyunları operatoru tərəfindən keçirilən idman mərc oyunlarından pul şəklində əldə edilən 500 manatadək uduşlar;
102.1.27. vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi;
102.1.28. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənilən maddi yardım (dəstək);
102.1.29. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən zəmanət verilmiş kredit üzrə ödəniş edilməsi hallarında borcalanların borclarının ödənilməsinin nəticəsi kimi əldə edilən gəlirləri;
102.1.30. bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi.
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir;
102.1.30-1. aşağıdakı fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi:
102.1.30-1.1. proqram təminatının işlənməsi sahəsində xidmətlər;
102.1.30-1.2. layihə-dizayn və dekorasiya xidmətləri;
102.1.30-1.3. tərcümə xidməti;
102.1.30-1.4. reklam xidməti;
102.1.30-1.5. araşdırma və tədqiqat sahəsində fəaliyyət;
102.1.30-1.6. elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
102.1.30-1.7. hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
102.1.30-1.8. jurnalistlərin fəaliyyəti;
102.1.30-1.9. bazar konyukturunun öyrənilməsi;
102.1.30-1.10. qiymətləndirmə fəaliyyəti;
102.1.30-1.11. avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti;
102.1.30-1.12. turizm bələdçiliyi;
102.1.30-1.13. xidmətlərin ixracı.
102.1.31. mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir – 3 il müddətinə;
102.1.32. KOB klasterin iştirakçısı olan fərdi sahibkarın KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi – 7 il müddətinə;
102.1.33. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) haqqı ödənilən ictimai işlərə cəlb etdiyi işçilərinin bu fəaliyyətlə əlaqədar gəlirləri;
102.1.34. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində qeyri-rezident futbol klublarının oyunçularının və işçilərinin həmin oyunlarla bağlı əldə etdiyi gəlirləri;
102.1.35. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi;
102.1.33-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər – 2024-cü il martın 1-dən 9 ay müddətinə;
102.1.36. lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə göstərilən xidmətlərdən əldə olunan gəlirlər;
102.1.37. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən fərdi sahibkarların həmin fəaliyyətdən əldə etdiyi gəlirin 50 faizi - müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə;
102.1.38. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlir;
102.1.39. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 6 il müddətinə;
102.1.40. Bu Məcəllənin 165.5-ci, 165.6-cı və 228-ci maddələrinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına görə əldə olunan gəlirlər;
102.1.41. ictimai iaşə fəaliyyəti və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən bu Məcəllənin 174.5-ci maddəsinə əsasən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər;
102.1.42. Azərbaycan Respublikasında teatr, muzey, simfonik orkestr, habelə film istehsalı, yayımı və dublyajı fəaliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə royalti gəlirləri – 2025-ci il yanvarın 1-dən 5 il müddətinə;
102.1.43. filmin istehsalı və dublyajı fəaliyyətini həyata keçirən fiziki şəxslərin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin 90 faizi – 2025-ci il yanvarın 1-dən 5 il müddətinə;
102.1.44. dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarların həmin layihələr üzrə əldə etdikləri gəlir – müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq.
102.1-1. şəhid statusu almış şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.
102.2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:
102.2.1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının;
102.2.1-1. Azərbaycanın Milli Qəhrəmanlarının;
102.2.2. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
102.2.3. Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərin;
102.2.4. I və II qrup müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin;
102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) dul arvadlarının (ərlərinin) və övladlarının;
102.2.6. 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
102.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
102.2.8. Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.
102.3. Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), əlilliyi olan uşaqların, daimi qulluq tələb edən əlilliyi olan uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
102.4. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır:
102.4.1. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
102.4.2. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri, arvadları (ərləri) və övladları. Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
102.4.3. Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər;
102.4.4. daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum.
102.4.5. məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.
102.5. Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.
Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır.
Fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu və himayədə olanın himayəyə götürüldüyü aydan başlayaraq azaldılır.
Himayədə olanların sayı il ərzində azaldıqda (uşaqların ölüm halları istisna olmaqla) himayədə olanların sayının azaldığı aydan sonrakı aydan başlayaraq onların saxlanması üçün məbləğin çıxılmasına xitam verilir.
102.6. Aşağıdakılar himayədə olanlara aid edilmirlər:
102.6.1. təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa);
102.6.2. qanuna əsasən tam dövlət təminatında olan şəxslər.
102.6.3. xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar.
102.7. Fiziki şəxsin bu Məcəllənin 102.1-1-ci, 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.
102.8. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
102.9. Bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrində muzdlu işçi kimi çalışan fiziki şəxsin əmək müqaviləsinə xitam verildiyi, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən 1 il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan güzəşt şamil edilmir.
Bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, həmin maddədə nəzərdə tutulan güzəşt hüququndan o halda istifadə edə bilər ki, bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.
IX fəsil. Hüquqi şəxslərin mənfəət vergisi