Maddə 295.
Məhkəmənin qətnaməsi
295.1. Məhkəmə inzibati hüquqpozma tərkibi və hadisəsi olmadığına görə, habelə İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsində sadalanan inzibati hüquqpozma haqqında iş üzrə icraatı istisna edən digər hallara görə şəxsin əsassız inzibati məsuliyyətə cəlb edildiyi qənaətinə gələrsə, məhkəmə qərarın ləğv edilməsi və inzibati hüquqpozmalar haqqında işə xitam verilməsi barədə qətnamə çıxarır.
295.2. Məhkəmə, törədilmiş inzibati hüquqpozmanın xarakterini, hüquqpozanın şəxsiyyətini, onun təqsirlik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yungülləşdirən digər halları nəzərə alaraq tənbeh tədbirini dəyişə bilər.
295.3. Məhkəmə inzibati tənbehi gücləndirə bilməz.
295.4. Məhkəmə inzibati orqanın və ya vəzifəli şəxsin inzibati tənbehin tətbiqi üzrə hərəkətlərinin qanuni və əsaslı olduğunu müəyyən edərsə, qərarı dəyişiklik etmədən, ərizəni isə təmin etmədən saxlayır.
295.5. Məhkəmə inzibati hüquqpozma haqqında iş üzrə qərarın inzibati orqan və ya vəzifəli şəxs tərəfindən onların səlahiyyətlərinin aşması ilə çıxarıldığını müəyyən edərsə, qərarı ləğv edir və inzibati tənbehin müddəti keçməmişsə, işi baxılmaq üçün yuxarı orqana və ya vəzifəli şəxsə göndərir, yaxud inzibati tənbehi tətbiq etmə müddəti ötmüşsə, iş üzrə icraata xitam verir.
Fəsil 27
Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzİfəlİ şəxslərİnİn qərarları və hərəkətləri (hərəkətsizliyi) İlə əlaqədar mübahisələrə dair işlər üzrə icraat