Maddə 174.
Məhkəmə iclasına sədrlik edən
174.1. İşə təkbaşına baxan hakim sədrlik edən sayılır.
174.2. Sədrlik edən işin bütün hallarının, tərəflərin hüquq və vəzifələrinin tam, hərtərəfli və obyektiv surətdə aydınlaşdırılmasını təmin edərək məhkəmə iclasına rəhbərlik edir, baxılan işə aidiyyəti olmayan hər şeyi məhkəmə baxışından çıxarır.
174.3. Prosesdə iştirak edən şəxslərdən hər hansı biri sədrlik edənin hərəkətlərinə qarşı etiraz etdiyi hallarda, bu etiraz məhkəmə iclasının protokolunda yazılır. Sədrlik edən öz hərəkətləri ilə bağlı şərhlər verir.
174.4. Sədrlik edən məhkəmənin iclasında müvafiq qaydaya riayət olunmasını təmin etmək üçün zəruri tədbirlər görür. Onun göstərişləri prosesin bütün iştirakçıları, habelə məhkəmə iclası zalında olan şəxslər üçün məcburidir.
174.5. Məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.