Maddə 157.
Müvəqqəti təminat tədbirlərinin tətbiqi
157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər.
157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir.
157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır:
157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı;
157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
157.8. Arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verilən məhkəmə belə ərizəni vermiş arbitraj mübahisəsi tərəfindən uyğun təminatın verilməsini tələb edə bilər. Təminat məhkəmənin mülahizəsinə əsasən bank qarantiyası formasında və ya təminat üçün müəyyən edilmiş pul məbləğinin notariusun depozit hesabına qoyulması yolu ilə təqdim edilə bilər. Belə təminatın təqdim edilməməsi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin rədd edilməsi üçün əsasdır.
157.9. Arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəyə həmçinin bu Məcəllənin 479-cu maddəsində müəyyən edilmiş tələblər tətbiq edilir.