Maddə 995.
Sənədli qiymətli kağızın etibarsız elan edilməsi
995.1. Sənədli qiymətli kağız itirilmişdirsə, onun mülkiyyətçisinin vəsatəti ilə məhkəmə emitent fiziki şəxsin yaşayış yeri üzrə və ya emitent hüquqi şəxsin olduğu yer üzrə bu qiymətli kağızı etibarsız elan edə bilər. Adsız qiymətli kağızlar itirilmişdirsə, ərizəçinin tələbi ilə məhkəmə qiymətli kağız üzrə emitentə onu ödəməyi qadağan edə bilər.
995.2. Sənədli qiymətli kağızın etibarsız elan edilməsi haqqında vəsatəti itki və ya itkinin aşkar edilməsi məqamında onun mülkiyyətçisi olmuş şəxs verə bilər. Ərizəçi qiymətli kağıza mülkiyyət hüququnu və onun itirildiyini sübuta yetirməlidir. Əgər kupon vərəqi və ya səhm kuponu olan qiymətli kağız sahibi yalnız kupon vərəqini və ya səhm kuponunu itirərsə, vəsatətini əsaslandırması üçün əsas qiymətli kağızı təqdim etməsi kifayətdir.