Maddə 65.
Təsərrüfat ortaqlığı və ya cəmiyyəti iştirakçılarının hüquq və vəzifələri
65.1. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları:
65.1.1. bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, ortaqlığın və ya cəmiyyətin işlərinin idarə olunmasında iştirak edə bilər;
65.1.2. nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər;
65.1.3. mənfəət bölgüsündə iştirak edə bilər;
65.1.4. ortaqlığın və ya cəmiyyətin ləğv edildiyi halda kreditorlar ilə hesablaşmalardan sonra əmlakdan qalan hissəni və ya onun dəyərini ala bilərlər.
65.2. Təsərrüfat ortaqlığı və ya cəmiyyəti iştirakçılarının bu Məcəllədə, ortaqlığın və ya cəmiyyətin nizamnaməsində nəzərdə tutulan başqa hüquqları da ola bilər.
65.3. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları:
65.3.1. nizamnamədə nəzərdə tutulan qaydada, miqdarda, üsullarla və müddətlərdə maya qoymalıdırlar;
65.3.2. ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məxfi məlumatı açıqlamamalıdırlar;
65.3.3. onun nizamnaməsində nəzərdə tutulan digər vəzifələri daşımalıdırlar.