Maddə 1078-6.
İnvestisiya qiymətli kağızlarının emissiyasının əsasları
1078-6. l. Qiymətli kağızların emissiyası emitentin qiymətli kağızlarının emissiyası haqqında qərarının qəbulunun, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda emissiya prospektinin tərtibinin, qiymətli kağızların buraxılışının, yerləşdirilməsinin və bu Məcəllə ilə müəyyən edilmiş digər tədbirlərinin məcmusudur.
1078-6.2. İnvestisiya qiymətli kağızının forması və buraxılış şərtləri investisiya qiymətli kağızlarının emissiyası haqqında qərarda və investisiya qiymətli kağızlarının emissiya prospektində (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunursa) birmənalı müəyyən edilməlidir.
1078-6.3. İnvestisiya qiymətli kağızları aşağıdakı formalardan birində emissiya edilə bilər:
1078-6.3.1. sənədli adlı qiymətli kağızlar;
1078-6.3.2. sənədsiz adlı qiymətli kağızlar;
1078-6.3.3. sənədli adsız qiymətli kağızlar.
1078-6.4. İnvestisiya qiymətli kağızlarının forması emitentin emissiya haqqında qərar qəbul etmiş orqanının qərarı ilə bu dəyişikliklər müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmaqla dəyişdirilə bilər. Adlı qiymətli kağızların adsız qiymətli kağızlara çevrilməsi bu Məcəllənin 992-ci maddəsi ilə tənzimlənir.
1078-6.5. Eyni dövlət qeydiyyat nömrəsi olan investisiya qiymətli kağızları bir formada buraxılmalıdır.
1078-6.6. İnvestisiya qiymətli kağızlarının nominalı milli və səhmlər istisna olmaqla sərbəst dönərli valyutada ifadə oluna bilər.
1078-6.7. İnvestisiya qiymətli kağızlarının konvertasiyası ilə bağlı emissiyanın xüsusiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.