Maddə 1078-34.
Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət
1078-34.1. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətlə yalnız hüquqi şəxslər məşğul ola bilər.
1078-34.2. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyəti həyata keçirən şəxs (bundan sonra - reyestrsaxlayıcı) qiymətli kağız sahiblərinin reyestrinin aparılması sistemində qeydə alınmış emitentin qiymətli kağızları ilə əqdləri bağlaya bilməz.
1078-34.3. Qiymətli kağız sahiblərinin reyestri müəyyən tarixə qeydə alınmış qiymətli kağızların sahiblərinin və nominal saxlayıcılarının, onlara məxsus qiymətli kağızların sayının və növünün eyniləşdirilməsini təmin edən siyahıdır. Qiymətli kağızların reyestrində emitent haqqında məlumat, hər bir qiymətli kağız sahiblərinə və nominal saxlayıcılarına məxsus olan qiymətli kağızların sayı, nominal dəyəri, növü, forması, öhdəliklər ilə yükləndirilməsi və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar göstərilməlidir.
1078-34.4. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1078-34.5. Adsız qiymətli kağızların sahiblərinin reyestri aparılmır.
1078-34.6. Bir emitentin adlı investisiya qiymətli kağızlarının sahiblərinin sayı iyirmidən artıq olduqda, qiymətli kağız sahiblərinin reyestrinin aparılması yalnız qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan reyestrsaxlayıcı tərəfindən keçirilməlidir. Bir emitentin adlı investisiya qiymətli kağızlarının sahiblərinin sayı iyirmi və daha az olduqda, onların reyestri həm qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan reyestrsaxlayıcı, həm də emitentin özü tərəfindən aparıla bilər.
1078-34.7. Emitentin eyni növ qiymətli kağızlarının sahiblərinin reyestri eyni zamanda yalnız bir reyestrsaxlayıcı tərəfindən aparılmalıdır.
1078-34.8. Reyestrsaxlayıcı reyestrdən verdiyi çıxarışlar üzrə yazıların tamlığını və düzgünlüyünü təmin etməlidir və öz öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
1078-34.9. Emitent reyestrsaxlayıcısını dəyişdiyi halda, bu barədə kütləvi informasiya vasitələrində elan verməli, və ya bütün qiymətli kağız sahiblərinə öz hesabına yazılı bildiriş göndərməlidir.
1078-34.10. Qiymətli kağız sahiblərinin reyestrində qiymətli kağızların nominal saxlayıcısı qismində broker (yalnız deponentləşdirilməmiş qiymətli kağızlar üzrə) və ya depozitar çıxış edə bilərlər.
1078-34.11. Qiymətli kağızlar depozitarda deponentləşdirildikdə depozitar həmin qiymətli kağızların sahiblərinin reyestrində nominal saxlayıcı kimi qeydə alınır.
1078-34.12. Qiymətli kağızların nominal saxlayıcısı həmin qiymətli kağızlarla təsbit edilmiş hüquqları yalnız onların mülkiyyətçisi tərəfindən bu barədə səlahiyyət aldıqda həyata keçirə bilər.
1078-34.13. Reyestrin aparılması sistemində nominal saxlayıcının adının qeyd edilməsi qiymətli kağızlara mülkiyyət hüququnun nominal saxlayıcıya keçməsinə əsas deyildir.
1078-34.14. Bir nominal saxlayıcının müştəriləri olan qiymətli kağız sahiblərinin arasında əqdlərin nəticələri reyestrdə əks etdirilmir.
1078-34.15. Qiymətli kağızların bir nominal saxlayıcıdan başqa nominal saxlayıcıya ötürülməsi haqqında məlumat nominal saxlayıcılar tərəfindən üç iş günü ərzində reyestrsaxlayıcıya təqdim olunmalıdır.
1078-34.16. Qiymətli kağız sahibləri tərəfindən qiymətli kağızlar üzrə hüquqların həyata keçirilməsinin təmin edilməsi üçün nominal saxlayıcı reyestrsaxlayıcının tələbi ilə müəyyən tarixə nominal saxlayıcısı olduğu şəxslərin siyahısını yeddi iş günü ərzində ona təqdim etməlidir.