Maddə 1078-16.
İnvestisiya qiymətli kağızlarının emissiyasının dayandırılması
1078-16.1. İnvestisiya qiymətli kağızlarının emissiyasının dayandırılması müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qiymətli kağızların çap edilməsi, reklamı və yerləşdirilməsi üzrə digər tədbirlərin dayandırılmasıdır.
1078-16.2. İnvestisiya qiymətli kağızlarının emissiyası aşağıdakı əsaslarla müvafiq icra hakimiyyəti orqanı tərəfindən dayandırıla bilər:
1078-16.2.1. qeydiyyata alınmış emissiya şərtlərinin, habelə bu Məcəllənin və digər müvafiq normativ hüquqi aktların qiymətli kağızların emissiyası ilə bağlı olan tələbləri pozulduqda;
1078-16.2.2. investisiya qiymətli kağızlarının dövlət qeydiyyatından keçmiş sayından çox yerləşdirildikdə.
1078-16.3. Emitent qiymətli kağızların emissiyasının dayandırılması barədə müvafiq icra hakimiyyəti orqanından rəsmi bildiriş aldıqdan sonra dərhal kütləvi informasiya vasitələri ilə bu barədə məlumat verməli və qiymətli kağızların emissiyası zamanı yol verilmiş pozuntuları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddət ərzində aradan qaldırmalıdır.
1078-16.4. Qiymətli kağızların emissiyası zamanı yol verilmiş pozuntular aradan qaldırıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanının qərarı ilə emissiya davam etdirilə bilər. Bu zaman qiymətli kağızların yerləşdirilməsi müddəti emissiya dayandırıldığı müddətə uzadılır.
1078-16.5. İnvestisiya qiymətli kağızları dövlət qeydiyyatından keçmiş sayından çox yerləşdirildikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən gündən iki ay ərzində emitent həmin kağızların geri satın alınmasını və ləğv edilməsini təmin etməlidir. Əks təqdirdə müvafiq icra hakimiyyəti orqanı emitent tərəfindən əsassız əldə edilmiş məbləğlərin investorlara qaytarılması üçün məhkəməyə müraciət edə bilər.
1078-16.6. İnvestisiya qiymətli kağızlarının emissiyasının dayandırılması ilə əlaqədar xərclər və investorlara müvafiq vəsaitlərin qaytarılması emitentin vəsaiti hesabına həyata keçirilir.