Maddə 1078-15.
İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi
1078-15.1. Qiymətli kağızların yerləşdirilməsi emitentin qiymətli kağızlarının ilk sahiblərinə özgəninkiləşdirilməsidir. Emitent investisiya qiymətli kağızlarının yerləşdirilməsi hüququnu onlar dövlət qeydiyyatından keçdiyi andan əldə edir.
1078-15.2. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi kütləvi təklif və ya investorların məhdud dairəsinə təklif (qapalı yerləşdirmə) üsulu ilə həyata keçirilir.
1078-15.3. Açıq səhmdar cəmiyyətlərinin səhmlərinin qapalı yerləşdirilməsinə (açıq səhmdar cəmiyyətlərinin yaradılması və yenidən təşkili zamanı, habelə səhmlərin konvertasiyası hallan istisna olmaqla), qapalı səhmdar cəmiyyətlərinin səhmlərinin isə kütləvi təklif üsulu ilə yerləşdirilməsinə yol verilmir.
1078-15.4. Yerləşdirilən investisiya qiymətli kağızlarının sayı investisiya qiymətli kağızlarının emissiyası haqqında qərarda və ya emissiya prospektində göstərilən sayından çox olmamalıdır. Lakin emitent investisiya qiymətli kağızlarının emissiyası haqqında qərarda və ya emissiya prospektində göstəriləndən az sayda investisiya qiymətli kağızları yerləşdirə bilər. Bu zaman investisiya qiymətli kağızlarının emissiyasının baş tutmuş hesab edilməsi üçün əsas olan qiymətli kağızların yerləşdirilmiş hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1078-15.5. İnvestisiya qiymətli kağızlarının kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı qiymətli kağızları alarkən bir alıcıya başqaları qarşısında üstünlük verilməsi qadağandır. Bu müddəa səhmdar cəmiyyətinin səhmdarlarına investisiya qiymətli kağızlarının emissiyası haqqında qərar qəbul edilən zaman onlarda olan səhmlərin sayma mütənasib miqdarda yeni emissiya olunan qiymətli kağızları almaqda üstünlük hüququ verildikdə tətbiq olunmur.
1078-15.6. Səhmdar cəmiyyətlərinin səhmlərinin kütləvi təklif üsulu ilə yerləşdirilməsi fond birjası vasitəsi ilə həyata keçirilir. Səhmlərin emissiyasının baş tutmuş hesab edilməsi üçün əsas olan hissəsinin fond birjası vasitəsi ilə yerləşdirilməsi qiymətli kağızların buraxılışı dövlət qeydiyyatına alındığı tarixdən etibarən bir il ərzində başa çatmalıdır.
1078-15.7. Emitent investisiya qiymətli kağızın dəyərinin ilk sahibi tərəfindən ödənildiyi tarixdən etibarən on beş gündən gec olmayaraq onun sahibi haqqında məlumatın qiymətli kağızların sahiblərinin reyestrinə daxil edilməsini (adlı qiymətli kağızların yerləşdirilməsi halında), investisiya qiymətli kağızın sahibinə investisiya qiymətli kağızın sertifikatının və ya depo hesablardan çıxarışların verilməsini təmin etməlidir.
1078-15.8. İnvestisiya qiymətli kağızları sənədli formada olduqda emitent onların sahibinə qiymətli kağızların sertifikatını (sertifikatlarını) verir.
1078-15.9. İnvestisiya qiymətli kağızları sənədsiz formada olduqda onların sahiblərinə əldə etdikləri qiymətli kağızları əks etdirən sertifikat depozitar tərəfindən verilir.
1078-15.10. Bir sertifikatla bir və daha çox sayda eyni dövlət qeydiyyat nömrəsi olan investisiya qiymətli kağızlara hüquqlar təsdiq edilə bilər. Bir investisiya qiymətli kağıza hüquqlar yalnız bir sertifikatla təsdiq edilə bilər.
1078-15.11. Kütləvi təklif üsulu ilə yerləşdirilən səhmlərin dəyəri yalnız pulla ödənilir.
1078-15.12. Emitent müvafiq icra hakimiyyəti orqanına investisiya qiymətli kağızların yerləşdirilməsi haqqında Hesabat təqdim etməlidir. İnvestisiya qiymətli kağızların yerləşdirilməsi haqqında hesabatın təqdim edilməsi qaydası qanunvericiliklə müəyyən olunur.
1078-15.13. Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.