Maddə 1078-12.

İnvestisiya qiymətli kağızlarının emissiya prospektinə dair ümumi tələblər

 
1078-12.1. İnvestisiya qiymətli kağızlarının emissiyası (qapalı yerləşdirmə istisna olmaqla) emissiya prospekti ilə müşayiət olunur.
1078-12.2. İnvestisiya qiymətli kağızlarının emissiya prospektində aşağıdakı məlumatlar olmalıdır:
1078-12.2.1. emitentin tam adı, təşkilati-hüquqi forması və olduğu yer;
1078-12.2.2. hüquqi şəxslərin dövlət reyestrində emitent barədə olan məlumatlar;
1078-12.2.3. emitentin nizamnamə kapitalının on faizindən az olmayan miqdarda səs hüququnu verən səhmlərinə (bundan sonra - səsli səhmlər) malik olan şəxslər barədə məlumat;
1078-12.2.4. emitentin idarəetmə orqanı, icra və nəzarət orqanları haqqında məlumat;
1078-12.2.5. emitentin filial və nümayəndəlikləri haqqında məlumat;
1078-12.2.6. nizamnamə kapitalında emitentin payı on faizdən az olmayan hüquqi şəxslərin siyahısı və rekvizitləri;
1078-12.2.7. nizamnamə kapitalı və onun tərkibi haqqında, o cümlədən nizamnamə kapitalının miqdarı, səhmlərin miqdarı, onların nominal dəyəri və növləri, habelə səhmlərin ayrı-ayn növlərinin imtiyazları haqqında məlumat (səhmdar cəmiyyətləri üçün);
1078-12.2.8. müstəqil auditorun hesabatı ilə birlikdə, emitentin sonuncu balansı və toplu maliyyə hesabatı;
1078-12.2.9. emitentin təsis edildiyi tarixdən və ya son beş maliyyə ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat;
1078-12.2.10. emitentin əvvəl emissiya edilmiş qiymətli kağızları haqqında məlumat;
1078-12.2.11. investisiya qiymətli kağızlarının buraxılışı haqqında ümumi məlumat;
1078-12.2.12. investisiya qiymətli kağızlarının yerləşdirilmə qaydası;
1078-12.2.13. emitentin kreditor borcları, ödəniləcək faizlərin məbləği və satınalma şərtləri (istiqrazlar üzrə);
1078-12.2.14. istiqrazlar üzrə müəyyənləşdirilmiş xüsusi təminatlar (olduqda);
1078-12.2.15. təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı haqqında məlumat;
1078-12.2.16. investisiya qiymətli kağızlarının ödənilməsi qaydası;
1078-12.2.17. investisiya qiymətli kağızlarının yerləşdirilməsində iştirak edəcək qiymətli kağızlar bazarının peşəkar iştirakçısı haqqında məlumat;
1078-12.2.18. investisiya qiymətli kağızlarının emissiyası haqqında qərarın tarixi, nömrəsi və onu qəbul etmiş orqanın adı;
1078-12.2.19. imtiyazlı səhmlərlə təsbit olunmuş hüquqların məzmunu;
1078-12.2.20. investisiya qiymətli kağızlarının əldə edilməsi üçün məhdudiyyətlər (olduqda).
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.