Maddə 1078-11.
İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı
1078-11.1. İnvestisiya qiymətli kağızlarının buraxılışları müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır.
1078-11.2. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı üçün emitent tərəfindən müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədlər təqdim edilməlidir:
1078-11.2.1. investisiya qiymətli kağızlarının qeydiyyata alınması üçün ərizə;
1078-11.2.2. investisiya qiymətli kağızlarının emissiyası haqqında qərar;
1078-11.2.3. emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və təsis sənədlərinin notarial qaydada təsdiq olunmuş surətləri;
1078-11.2.4. investisiya qiymətli kağızlarının emissiya prospekti (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunursa);
1078-11.2.5. investisiya qiymətli kağızının sertifikatının nümunəsi (investisiya qiymətli kağızları sənədli formada buraxıldıqda);
1078-11.2.6. investisiya qiymətli kağızların emissiya prospektinin qeydiyyata alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunursa).
1078-11.3. Təmin edilmiş istiqrazların buraxılışının dövlət qeydiyyatı yalnız onlar üzrə verilmiş təminatın qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsindən sonra həyata keçirilir.
1078-11.4. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən on beş iş günü müddətində baxılır və qeydiyyatdan imtina üçün əsas olmadıqda, qiymətli kağızlar buraxılışı dövlət qeydiyyatına alınır. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınmasından imtina edildikdə, bu barədə emitentə rəsmi bildiriş verilir. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı həmin buraxılışa dövlət qeydiyyat nömrəsinin verilməsindən və bu məlumatların dövlət reyestrinə daxil edilməsindən ibarətdir. Dövlət qeydiyyat nömrəsinin verilməsi və reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1078-11.5. Emitentin istiqraz buraxılışının maksimal həcminə dair tələblər haqqında qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1078-11.6. İnvestisiya qiymətli kağızları buraxılışı dövlət qeydiyyatından keçənə qədər qiymətli kağızların reklamı, hər hansı bir investora rəsmi təklif edilməsi və emissiya prospektinin potensial investorlara təqdim edilməsi qadağandır.
1078-11.7. Emitentin müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi qiymətli kağızların buraxılışı üzrə sənədlərdə göstərilən məlumatların tamlığına və dürüstlüyünə görə məsuliyyəti həmin sənədləri imzalamış vəzifəli şəxslər daşıyır.