Maddə 1076-6.
İpoteka istiqrazları
1076-6.1. İpoteka istiqrazları ipoteka örtüyü ilə təmin olunmuş istiqrazlardır.
1076-6.2. İpoteka örtüyünə əsas və əlavə aktivlər daxil edilir.
1076-6.3. Əsas aktivlər qismində yaşayış sahəsinin alınması üçün verilmiş və həmin, yaxud digər yaşayış sahəsinin ipotekası ilə təmin olunmuş kreditlərlə (ipoteka kreditləri) bağlı emitentin tələb hüquqları çıxış edir.
1076-6.4. Əlavə aktivlər ipoteka örtüyünün nominal dəyərinin 20 faizindən çox olmamaqla aşağıdakı tərkibdə ola bilər:
1076-6.4.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları;
1076-6.4.2. Azərbaycan Respublikası Mərkəzi Bankının qiymətli kağızları və ya emitentin Azərbaycan Respublikasının Mərkəzi Bankında saxlanılan depozitləri;
1076-6.4.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dövlətlərin və həmin dövlətlərin mərkəzi banklarının buraxdığı qiymətli kağızlar.
1076-6.5. Azərbaycan Respublikasının Mərkəzi Bankın normativ xarakterli aktı ilə ayrı hal nəzərdə tutulmayıbsa, ipoteka istiqrazları yalnız ipoteka örtüyünə daxil olan əsas aktivlərin (ipoteka kreditlərinin) valyutasında ola bilər.
1076-6.6. İpoteka istiqrazlarının orta çəki metodu ilə hesablanmış ödəniş müddəti ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə hesablanmış ödəniş müddətindən çox ola bilməz. Orta çəki metodu ilə ödəniş müddətlərinin hesablanması qaydası Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
1076-6.7. İpoteka istiqrazlarını yalnız kredit təşkilatları və müvafiq icra hakimiyyəti orqanı tərəfindən ipoteka kreditlərinin verilməsi məqsədi ilə yaradılmış qurumlar buraxa bilər.
1076-6.8. İpoteka istiqrazları üzrə emitentin öhdəlikləri tam və ya qismən həmin istiqrazların ipoteka örtüyünə daxil edilmiş aktivlərlə birgə bu Məcəllənin 1076-6.7-ci maddəsi ilə müəyyən edilmiş ipoteka istiqrazları buraxmaq hüququ olan üçüncü şəxslərə verilə bilər, bu şərtlə ki, belə hal emissiya prospektində (informasiya memorandumunda) nəzərdə tutulsun. Emitentin bu Məcəllənin 1076-13-cü maddəsi ilə müəyyən edilmiş müflisləşməsi və ya öhdəliklərini yerinə yetirməməsi halında emitentin öhdəlikləri üçüncü şəxslərə yalnız həmin maddə ilə nəzərdə tutulmuş qaydada keçməlidir.