Maddə 1076-11.
İpoteka örtüyü üzrə sərəncamçının hüquq və vəzifələri
1076-11.1. Sərəncamçı ipoteka istiqrazlarının buraxılışı zamanı və Azərbaycan Respublikasının Mərkəzi Bankın normativ xarakterli aktı ilə daha qısa müddət müəyyən edilmədikdə, ən azı yarım ildə bir dəfədən az olmayaraq ipoteka örtüyünün bu Məcəllənin 1076-6-cı və 1076-9-cu maddələrinin tələblərinə uyğunluğunu yoxlayır.
1076-11.2. İpoteka örtüyü bu Məcəllənin 1076-6-cı və 1076-9-cu maddələrinin tələblərinə cavab vermədikdə, sərəncamçı bu barədə emitentə yazılı məlumat verir və aşkar olunmuş pozuntuların aradan qaldırılmasını tələb edir. Emitent tələbi aldığı tarixdən on iş günündən gec olmayaraq müəyyən edilmiş bütün çatışmazlıqları aradan qaldırmalı və bu barədə sərəncamçıya müvafiq məlumatı və sənədləri təqdim etməlidir.
1076-11.3. Sərəncamçı ipoteka örtüyünün yoxlanılmasının nəticəsi barədə hesabatı Azərbaycan Respublikasının Mərkəzi Bankın müəyyən etdiyi forma və qaydada həmin orqana təqdim edir.
1076-11.4. Sərəncamçı ipoteka örtüyündə aşkar etdiyi, lakin emitent tərəfindən bu Məcəllənin 1076-11.2-ci maddəsinə müvafiq qaydada aradan qaldırılmamış və istiqrazlar üzrə ödənişlər üçün əhəmiyyətli təhlükə yarada bilən pozuntular barədə Azərbaycan dilində və emissiya prospektinin (informasiya memorandumunun) dərc olunduğu digər dillərdə tərtib olunmuş bildirişi pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin bitməsindən beş iş günündən gec olmayaraq emissiya prospektinin (informasiya memorandumunun) dərc olunduğu media subyektində (həmin media subyekti fəaliyyət göstərmədikdə başqa media subyektində) açıqlamalı və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirişi aldığı gündən üç iş günü müddətində onu Azərbaycan dilində və emissiya prospektinin (informasiya memorandumunun) dərc olunduğu digər dillərdə öz internet səhifəsində yerləşdirməlidir.
1076-11.5. Sərəncamçı istənilən vaxt ipoteka istiqrazları üzrə ödənişlər barədə emitentdən məlumat tələb etmək və emitentin müvafiq sənədlərini nəzərdən keçirmək hüququna malikdir. Emitent sərəncamçının tələb etdiyi məlumat və sənədləri müraciəti aldığı tarixdən üç iş günündən gec olmayaraq təqdim etməlidir. Emitent müraciətə cavab vermədikdə və ya tam cavab vermədikdə sərəncamçı bu barədə Azərbaycan Respublikasının Mərkəzi Banka dərhal yazılı məlumat verməlidir.
1076-11.6. Sərəncamçı istiqraz mülkiyyətçilərinin müdafiəsi məqsədilə ipoteka örtüyü üzrə bu Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hüquq və vəzifələri həyata keçirir.