Maddə 1076.
Konversiya borcu istiqrazları
1076.1. Konversiya borcu istiqrazları açıq səhmdar cəmiyyətləri tərəfindən buraxılan borc öhdəlikləri olub, nəinki faizlərin hesablanmasını tələb etmək hüququ, həm də onları eyni növ qiymətli kağızlara dəyişmək hüququ və ya yeni səhmlər əldə etməkdə üstünlük hüququ verir.
1076.2. Konversiya borcu istiqrazları yalnız emissiya prospekti əsasında açıq abunə yazılışı üçün buraxıla və ya birjaya çıxarıla bilər. Emissiya prospekti barəsində bu Məcəllənin 1078-12-ci maddəsi müvafiq surətdə tətbiq olunur. Prospektdə əlavə olaraq aşağıdakılar göstərilməlidir:
1076.2.1. istiqrazların dəyişdirilməsi və ya səhmlərin əldə edilməsi müddəti;
1076.2.2. konversiya borcu istiqrazlarının səhmlərə dəyişdirilməsi hansı nisbətdə aparılmalıdır və ya konversiya borcu istiqrazları şəklində borc öhdəliyi ilə bağlı üstünlük hüququ əsasında hansı məbləğdə səhmlərin əldə edilməsi mümkündür;
1076.2.3. hansı məbləğdə əlavə haqq mümkündür.
1076.3. Konversiya borcu istiqrazının sahibi istiqrazdan irəli gələn hüquqları ilə kifayətlənə bilər və dəyişdirmə hüququnu və ya əldə etməyə üstünlük hüququnu həyata keçirməyə borclu ola bilməz.