Maddə 104.
Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması
104.1. Səhmdarların ümumi yığıncağının qərarına əsasən səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını artıra bilər. Cəmiyyətə qarşı pul tələbi olan şəxslər pul tələbinin əvəzləşdirilməsi yolu ilə səhm əldə etmək təşəbbüsü ilə çıxış etdikdə əlavə səhmlərin buraxılması barədə qərarda həmin səhmləri əldə edəcək şəxslər göstərilməlidir. Səhmdar cəmiyyətinin səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
104.1-1. Maliyyə bazarlarını tənzimləyən qanunlarda pul tələblərinin cəmiyyət tərəfindən əlavə buraxılmış səhmlə əvəzləşdirilməsi ilə bağlı müddəaların olduğu hallar istisna olmaqla, cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri onun nizamnamə kapitalından artıq olduğu halda, həmin artıq məbləğlə əlavə buraxılmış səhmlə əvəzləşdirilməsi nəzərdə tutulan borc məbləği arasındakı fərq əlavə səhmlər buraxmaq hesabına aradan qaldırıldıqda cəmiyyətə qarşı pul tələblərinin əvəzləşdirilməsinə yol verilir. Cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri müəyyən edilərkən əsas vəsaitlərə amortizasiya ayırmaları hesabına yaranan xərclər nəzərə alınmır.
104.2. Sadə (adi) və ya digər səsli səhmlərə sahib olan səhmdarların cəmiyyət tərəfindən əlavə buraxılan səhmləri cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada satın almaqda üstünlük hüququ vardır. Cəmiyyətin səhminin əlli faiz və daha çox hissəsini almaq istəyən şəxs bütün səhmdarlara rəsmi qaydada müvafiq təklif təqdim edir.