Maddə 50.

Müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətlərinin tənzimlənməsi

 
1. Yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq müəyyən vəzifələri (peşələri) tutmaq üçün işəgötürən müsabiqə elan edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası almış şəxslər cəzasının müddətinin bitməsinə bir ay qalmış müsabiqəyə çıxarılan həmin vəzifə (peşə) üzrə müsabiqədə iştirak edə bilərlər.
2. Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə təşkilatlar təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir.
3. Müsabiqə işçinin (müvafiq vəzifəni tutmaq iddiasında olan şəxsin) sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə ya müsahibə, test üsulu ilə yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər.
4. Müsabiqənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla işəgötürən tərəfindən bu Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş prinsiplərə zidd olmamaqla müəyyən edilir.
5. Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli ya müddətsiz əmək müqaviləsi bağlayır.
6. Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla qaydada tənzim edilir.
7. Keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər. Məhkəmə, müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.